“Müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq işlər aparılır”

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMƏŞ) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Bakıda milli seminar işinə başlayıb. Seminar dayanıqlı ərzaq və kənd təsərrüfatının Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi mövzusuna həsr olunub.

XALQ.AZ xəbər verir ki, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, FAO Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, yaxın vaxtlarda layihələrə başlayacağıq. Bu layihələr üzərində 2 ildir işləyirik.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində ölkədə insanların qida ilə təmin olunması məsələsi öz həllini tapıb və indi aparılan işlərin məqsədi ərzaq təminatını daha da yaxşılaşdırmaqdır: “Azərbaycan hökuməti ərzaq təhlükəsizliyinə mühüm önəm verir. Qlobal problemlər içərisində ayrı-ayrı ölkələrdə insanların qidadan əziyyət çəkməsi mühüm problemdir. İqlim dəyişikliyi ilə yanaşı, iqtisadi geriləmələr, müharibələr və münaqişələr dünyada ərzaq çatışmazlığına səbəb olur. Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı ilə əməkdaşlıqdan məmnundur. Hesab edirik ki, bu əməkdaşlıq kənd təsərrüfatının təkmilləşdirilməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək”.

Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr dayanır: “Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı yol xəritəsi hazırlanıb. Kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi istiqamətində müvafiq işlər aparılır. Azərbaycan kənd təsərrüfatının inkişafına, əhalinin ərzaqla təmin olunmasına xüsusi önəm verir. Azərbaycan BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bir sıra birgə layihələr həyata keçirir”.

Tədbirdə ölkəmizdə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanda DİM-lərə nail olunması üçün verəcəyi töhfənin artırılması yolları və lazımi tədbirlər də müzakirə olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu
Orxan