Müavini: “Fəttah Heydərovun vəfatı bizim üçün böyük itkidir”

1581323320 1581322100 fattah fettah heydarov  696x522 1

“Fəttah Heydərovun dünyasını dəyişməsi xəbəri bizi çox təəssüfləndirdi.  O, Azərbaycan cəmiyyəti üçün yüksək xidmətləri olan, önəmli şəxs idi”.

XALQ.AZ xəbər verir ki, bunu ötən gün vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov haqqında danışarkən Şuranın sədr müavini Sudeyif İmamverdiyev deyib. O qeyd edib ki, bütün fəaliyyəti dövründə Fəttah Heydərovun insanlara, dövlətçiliyimizə olan münasibəti son dərəcə xeyirli, əhəmiyyətli olub:

“O, Sovet dövründə müxtəlif mühüm vəzifələr daşıyıb, rayonlarımızda rəhbər məqamlarda çalışıb. Savadlı və geniş təfəkkür sahibi olan Fəttah Heydərov həmişə yaradıcılıqla məşğul olub. Yaşadığı, işlədiyi yerlərdə həmişə gördüyü abadlıq işləri, insanlara qayğısı, gələcəyə yol açması ilə seçilib. Onun haqqında hələ çox gənc yaşlarında Azərbaycanın rayonlarında birinci katib işlədiyi zamandan məlumatlı idim. İnsanpərvər, vətənsevər, dövlətçiliyə bağlı insan idi. Fəttah Heydərov müstəqillik illərində, Azərbaycandakı qarışıqlıq dövründə Naxçıvanda mühüm vəzifədə olub. Ulu öndərin tapşırıqlarını yerinə yetirib, ona dayaq olub. Fəttah Heydərovun həmin vaxt gördüyü əhəmiyyətli işlər heç zaman unudulmayacaq”.

Fəttah Heydərovun deputat kimi də xalqın sevgisini qazandığını vurğulayan S. İmamverdiyev mərhumun 1995-ci ildən indiyə qədər bütün çağırışlarda parlamentdə təmsil olunduğunu xatırladıb:

“Bütün işlərində olduğu kimi deputat fəaliyyəti əhəmiyyətli idi. Son illərdə Ağsaqqallar Şurasının sədri, mən isə müavini idim. Bu illərdə biz daha da yaxın olduq, respublikamızın rayonlarında müxtəlif görüşlərdə, tədbirlərdə iştirak etdik. Onun insanlara münasibəti, dövlətçiliyimizlə bağlı əhəmiyyətli fikirləri hər kəs tərəfindən çox xoş qarşılanırdı. Fəttah Heydərovun vəfatı bizim üçün böyük itkidir”.

Ağsaqqallar Şurasının bundan sonrakı fəaliyyətinə gəlincə sədr müavini bununla bağlı Fəttah Heydərovun tövsiyəsinin, vəsiyyətinin olmadığını söyləyib:

“Heç kəs düşünmürdü ki, Fəttah Heydərov qəfil aramızdan gedəcək. O işləyirdi, bizim planlarımız var idi. COVİD-19-la bağlı görüşləri bir müddətlik  təxirə salmışdıq. Amma yaxşı planlarımız var idi. Həm ağsaqqallarla, həm gənclərlə birlikdə görüşlər planlaşdırılırdı. Təəssüf ki, sədrin planlarını həyata keçirməyə imkanı olmadı. Ağsaqqallar Şurasının sədri isə seçki ilə müəyyənləşdirilir. Bu sonranın işidir”.