Muğan Babazanlı abidələrinin 2800 illik yubileyi qeyd ediləcək

Salyan

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 oktyabr 2013-cü il tarixində Muğan Babazanlı abidələrinin 2800 illiyinin keçirilməsi barədə Sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanın olduqca zəngin və böyük keçmişə malik bir ölkə kimi qeyd edilir və Salyan ulu əcdadlarımızın ən qədim zamanlardan yaşayış məskəni seçdikləri ərazi kimi təqdim edilir.  Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi Respublika Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra hakimiyyəti ilə birlikdə geniş şəkildə qeyd edilməsi nəzərdə tutulur.

Artıq xeyli müddətdir ki, Salyan rayon İcra hakimiyyəti müvafiq qurumlarla bərabər bu yubileyin yüksək səviyyədə keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Görülmüş işlərin yekunu və qarşıda duran vəzifələr mütəmadi olaraq Salyan rayon İcra hakimiyyəti başçısı yanında yubileyin keçirilməsi ilə əlaqədar yaradılmış komissiyada müzakirə olunur.

26 sentyabr 2014-cü il tarixdə komissiyanın rayon ictimaiyyəti ilə birgə geniş yığıncağı keçirilmişdir. Yığıncaqda çıxış edən RİH başçısı Tahir Kərimov qeyd etmişdir ki, Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin yüksək səviyyədə keçirilməsi bölgənin, bütövlükdə respublikamızın mədəni-ictimai həyatında mühüm hadisədir. Ona görə də özünün qədim tarixi ənənələri ilə fəxr edən Salyan yubiley tədbirini yüksək səviyyədə keçirməyə hazırlaşır. Rayonumuzun idarə və müəssisələri, ayrı-ayrı təşkilatlar və şəhər sakinləri bu əlamətdar günün qeyd ediləcəyi 24 oktyabr 2014-cü il tarixini həyatlarının ən yaddaqalan günləri hesab edəcəklərini bildirirlər. RİH başçısı Tahir Kərimov yubileyə qalan müddətdə görüləsi hazırlıq işlərindən danışmış, qonaqların, tədbir iştirakçılarının Salyan və salyanlılar barədə daha çox və məzmunlu məlumat almaları üçün hamının daha fəal və təşəbbüskar olmasını arzulamışdır.

Tədbirdə RİH başçısının I müavini Etibar Hüseynov və RİH başçısının müavini Rəşad Cəbrayılov yubiley tədbiri gününə qədər şəhərin hazırlanması, bannerlərin, tanıtımların, Milli Bayraqlarımızın, loqoların vurulacağı yerlər və onları icra edəcək təşkilatlar haqqında məlumat vermiş, xidmət təşkilatlarının qarşısında duran vəzifələrdən danışmışlar. Səhnəyə qoyulmuş monitorda tədbirin ssenarisi nümayiş etdirilmiş, müxtəlif təkliflər dinlənilmişdir.