Aprelin 11-də  Milli Məclisin 2025-ci ilin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, əvvəlki iki oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, əlavə heç bir təklifin daxil olmadığını deyib, onun dəstəklənməsini xahiş edib.

Sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi  təmin edəcək.

Məsələ ilə bağlı  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Həmçinin  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti məsələ – “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə  qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, layihədə qanunun 8 maddəsinə humanist xarakterli  11 dəyişiklik təklif olunub. Sənəd sosial xidmətə götürülən şəxslərin dairəsinin genişlənməsi, göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi  məqsədi ilə hazırlanıb.

Komitə sədri qeyd edib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib və dəyişikliklərə dair deputatlar tərəfindən heç bir təklif bildirilməyib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, ölkəmizdə mütəmadi olaraq pensiya islahatlarının aparıldığını, əmək pensiyalarının şəffaf və ədalətli şəkildə təmin edildiyini söyləyib. Musa Quliyev təqdim edilən qanunda nəzərdə tutulan dəyişikliklərin güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin dairəsinin genişləndirilməsi ilə bağlı olduğunu bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda pensiyaçıların pensiya təminatının təkmilləşdirilməsi sahəsində dövlətin öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi nəzərdə tutulub. Layihədə “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunur və bu müddəanın 2025-ci il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Komitə sədri vurğulayıb ki, dəyişikliklər dayanıqlı pensiya təminatının formalaşmasına xidmət edir. Eləcə də qanunvericilik aktlarının unifikasiyası xarakteri daşıyır və pensiya təminatının maliyyələşdirilməsində Dövlət Büdcəsi və Sosial Sığorta Fondunun öhdəliklərinin sərhədlərini dəqiqləşdirir.

Deputatlar Əli Məsimli və Aydın Hüseynovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


media-ads728x90

Bənzər xəbərlər