Müstəqillik günü Ağdaş rayonunda silsilə tədbirlərlə qeyd olunmuşdur

 

16

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Ağdaş rayonunda silsilə tədbirlər keçirilmişdir. AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra Heydər Əliyev parkında gəzinti olmuşdur.
Əlamətdar gün münasibətilə Ağdaş Rayon İcra Hakimiyyətində, YAP rayon təşkilatında, təhsil şöbəsində, humanitar kollecdə tədbirlər keçirilmiş, mərkəzi rayon kitabxanasında “dəyirmi masa” təşkil edilmiş, orta məktəblərdə ilk dərslər müstəqillik gününə həsr olunmuşdur. Tədbirlərdə çıxış edənlər 22 il əvvəl yenidən müstəqillik qazanan Azərbaycan dövlətinin həmin dövrdə bir sıra çətinliklərlə üz-üzə qalmasını, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsini, torpaqlarımızın 20 faizinin işğal edilməsini, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsini xatırlatmışlar.
Gənclərə, eləcə də şagird və tələbələrə məlumat verilmişdir ki, yalnız dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra təhlükələr sovuşmuş, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanmış və möhkəmlənmişdir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət Azərbaycanı daha parlaq gələcəyə aparır.