Müxalifətin “Məhsul” müsibəti

XALQ,AZ xəbər verir ki, Bakıdakı “Məhsul” stadionunda Azərbaycan Xalq Cəbhəsi, “Demokratik Qüvvələrin Milli Şurası” “Müsavat” və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının mitinqi yarım saat əvvəl başa çatdı.

Özlərini “demokratik qüvvələr” adlandırılan qüvvələrin mitinqi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı.

Gərçi AXCP və “Milli Şura”nın “mitinq” adlı ötən, martın 10-dakı toplantısına 14500 nəfər yığışmışdısa, budəfəki yığnaq iştirakçılarının sayı 1500 nəfərdən artıq olmayıb.

Bu gün, yəni martın 31-də, Azərbaycanlıların Soyqırım Günündə keçirilmiş mitinq əslində siyasi perspektivlər baxımından heç bir ümidi olmayanların ümid soyqırımı mitinqinə çevrilmişdi.

İştirakçılardan savayı, müxalifət düşərgəsindəki bütün strukturlar mitinqi dəstəkləməyiblər, “Məhsul”dakı yığnağa qatılmayıblar.

Bu gün martın 31-dir, Azərbaycanlıların Soyqırım Günüdür. Fəqət, “Məhsul”dakı mitinqdə soydaşlarımıza, ulusumuza qarşı törədilmiş erməni soyqırımından bəhs olunmadı, ermənlərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışılmadı.

Halbuki mitinqdə mütləq bu, edilməli idi və daha doğrusu, soyqırım mövzusu ən ümdə məsələ olmalıdı.

Radikal müxalifət düşərgəsindəki AXCP, “Müsavat”, NİDA və “Müsəlman Birliyi” hərəkatının aksiyasında, təşkilatçıların dediklərinə inansaq, guya on minlərlə insan olmalıydı. Fəqət, mitinqdəkilər mümkün qədər seyrək duraraq “çoxluq”la bağlı vizual illüziya yaratmağa çalışsalar da, meydançanın çox az qismi dolmuşdu.

Tribunanın bir kənarına yığılmış bayraqlar da elə yığılı qaldı.

Halbuki bu gün o bayraqlar səmaya qalxmalı, erməni vəhşiliklərinə qarşı mitinq olmalıydı – dövlətə qarşı yox.

Sosial şəbəkələrdə “like” istehsalçısı olan trolların sayına güvənərək “xalqım məni dəstəkləyir” deyən Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılı əgər ştatlı mitinq iştirakçılarına, meydana toplaşan eyni adamlardan ibarət kütləyə güvənirlərsə, gerçəkdən də siyasi zavallılardır.

Hələ mitinqə gecikmiş Əli Kərimlinin çıxışı zamanı meydanı 400 nəfərin tərk etdiyini, “Məhsul”dan getdiyini nəzərə alsaq, vəziyyət özlərini “lider” sayan binəvalar üçün lap acınacaqlı olur.

“On minlərlə insan bizi izləyir və mən üzümü onlara, bizi dəstəkləyən, sıralarımızda olan on minlərlə insana müraciət edirəm: hamı mitinqə! Əminəm ki, mitinqdə şüurlu, mübariz insanlar mütləq öz yerlərini alacaqlar!”

Dünən axşam saatlarında, ABŞ-da yaşayan Sevinc Osmanqızının Facebook səhifəsində canlı yayıma qatılan AXCP sədri Əli Kərimli bunu söyləyəndə çox qəzəbli görünürdü. Və elə o anda, o sözlər deyiləndə həmin canlı yayımı 1200 nəfər seyr edirdi.

“ATƏT-in Bakıya göndərdiyi müşahidə missiyasını da tənqid etdik” deyən Əli Kərimli qurumun aralıq hesabatından şübhələndiyini vurğulayaraq əslində ATƏT-i saxtakarlıqda suçladı.

Bu sözləri seçkiləri passiv boykot taktikasını seçən, məğlub olacağını əvvəlcədən bildiyi üçün yarıtmazlığını və bacarıqsızlığını ört-basdır etmək üçün AXCP sədri “baxın” kəlmələrini dəfələrlə təkrarladı, passiv boykotla məşğul olmadıqlarını söylədi.

Yəni belə çıxdı ki, “Məhsul” stadionunda mitinq məzlumiyyətini AXCP sədri ciddi siyasi fəaliyyət sayır.

Bu gün AXCP və Milli Şuranın “Məhsul” stadionundakı mitinq də Əli Kərimli ilə Cəmil Həsənlininin siyasi perspektivlərinin yoxluğunu, onların aktiv siyasətçi olmadıqlarını göstərdi. Cəmil Həsənlinin vəziyyəti daha dramatikdir: siyasətə və ümumiyyətlə, siyasətçiyə parodiya olan bu insan “Saxloon!” ifadəsi ilə yadda qalmışdısa, indi o, Azərbaycan müxalifətinin ən bacarıqsız mənsubu kimi tanınır.

Hələ 1990-cı illərdə “naftalinli düşərgə” adlandırdığı radikal müxalifət öz aləmində mitinqə “təfərrüatlı, yerli-yataqlı və ciddi şəkildə” hazırlaşmışdı.

Daha konkret olsaq, AXCP və Milli Şura dini ekstremist Taleh Bağırzadənin “Müsəlman Birliyi” adlı “cəmaat” ilə anlaşmaya getmiş, “Məhsul”a radikal dindarları da yığmışdı.

Təsadüfi deyil ki, “Məhsul”dakı kollektiv şüurun qabartıları arasında Mövsüm Səmədova və Taleh Bağırzadəyə, habelə Nardaran hadisələri zamanı tutulan, dinlə pərdələnən ekstremistləri “vicdan məhbusları”, “siyasi məhbuslar”, “din əzabkeşləri” adlandıranlar az deyildi.

Və o da təsadüf deyildi ki, bu gün “Məhsul”da keçirilən mitinqi hətta özlərini “siyasi mühacir” adlandıran, siyasətin özünü mühacirətə yollayıb söyüş, primitivlik, hədyanlar və kommunal təsərrüfat nəsnəsi ilə əvəzləyən “bloqer”lərlə yanaşı, ölkədəki nisbətən adekvat müxalifətçilər də absurd, hətta köhnəlmiş taktika saydılar.

İllərdir dəyişməyən şüarlar, eyni simalar, boyat çağırışlar, kəsif naftalin qoxulu “mübarizə əzmi”  – Əli Kərimli və Cəmil Həsənlidən siyasət usandı, amma onlar dəyişmədilər və bu zəiflik stabilliyindən usanmadılar.

Aqoniyası hələ 11 il əvvəl başlamış AXCP indi partiya yox, siyasi təşkilat olduğunu iddia edən qruplaşmadır.

“Milli Şura” barədə isə ümumiyyətlə, danışmağa dəyməz: bu strukturun vəziyyəti o qədər efemer, acınacaqlıdır ki, Cəmil Həsənli təki siyasətdə həvəskar belə, tərsinə çevrilmiş teleskopdan baxanda kiçik də olsa, mikroskopik siyasətçi təsiri bağışlayır.

Bugünkü mitinq bir daha göstərdi ki, əgər ötən illərədək Əli Kərimli-İsa Qəmbər dueti postsovet məkanındakı müxalifət liderlərinə bənzəməyə çalışıb onları təqlid edirdilərsə, indi AXCP sədri statusunu yalnız kağız üzərində saxlayıb Facebook bloqerinə çevrilmiş Əli Kərimli Rusiyadakı Aleksey Navalnını təkrarlamaq istəyir.

Bu gün də “protest elektoratı” ifadəsi səsləndi.

Azərbaycanın radikal müxalifətinin bədbəxtliyi də vətəndaşları “protest elektoratı” və “sosial baza” kimi iki düşərgəyə bölməsidir.

Söz yox, ölkədə protest elektoratı var və bunu danmırıq. Belə elektroat bütün ölkələrdə var, mövcudluğu da normal, siyasi proseslər və hakimiyyətin sosial sifarişləri baxımından gərəklidir.

Əli Kərimli və Cəmil Həsənlidən fərqli olaraq Azərbaycan hakimiyyəti cəmiyyət, onun mövcudluğu, funksiyaları və inkişafı barədə elm olan sosiologiyanın qanunlarını inkar etmir.

İnsan həyatı da mütləq şəkildə hakimiyyətlə cəmiyyət arasında bu və digər məsələlərlə bağlı mübahisələrə söykənir.

Bu gün “Məhsul”dakı mitinq bir daha onu da göstərdi ki, Əli Kərimli və Cəmil Həsənli, habelə siyasətdə olduğunu düşünən Müsavat anbardarı Arif Hacılı hakimiyyətlə cəmiyyət arasında total, sössüz, qeyd-şərtsiz və absolyut harmoniyanın olacağını düşünürlər.

Zavallılar… Belə harmoniya nə orta əsrlərdə olub, nə də indiki Qərb liberal-demokratiyasında yoxdur, ola da bilməz.  Həmin narazılıq dövlətin güclənməsini, cəmiyyətin inkişafını şərtləndirir.

Yoxsa dünya, tarix də Əli Kərimli və Cəmil Həsənli kimi yerlərində sayardılar.

Məhz bu səbədən protest elektoratının “müxalifətin sosial bazası” kimi qələmə verilməsi yanlışdır, çünki ölkə vətəndaşlarının nəinki böyük qismi – hətta ən az kəsimi belə, AXCP və Milli Şuranı dəstəkləmir.

Və əgər bu duet “Məhsul”dakı taktikasını davam etdirərsə, hədsiz zəifləmiş AXCP dağılmağa məhkumdur.

Məsələ heç də bugünkü mitinqə çox az adamın gəlməsi deyil.

Problem meydana toplaşanlar arasında yeni simaların olmaması, eyni adamların eyni hərəkətləri etməsidir.

Radikal dindarlar qürubda olan AXCP-Milli Şurasına dəstək verdiklərini göstərsələr də, klerikalların fəallığı və ya “Allahu əkbər!” qışqırmaları saxta “qərbçi liberallar”ı növbəti fiaskodan qurtara bilmədi.

Yorğun, boz simalı, çeynənmiş şüarları söyləyən, şanssızlıqlarını anlayan, boş meydanı seyr edib pərişan olanların mitinqi kədərlə bitdi.

Əli Kərimli və Cəmil Həsənli yenə sosial şəbəkələrdə “növbəti qələbə”dən danışacaqlarsa da.

Mitinq “sevdalısı” olan bu insanlar hələ də dərk edə bilmirlər ki, yeni dünya düzəninin və siyasi fəlsəfənin fərqli qanunları var, dünya postliberal mərhələdə yaşayır artıq.

Liberal və ya sosial demokratiya məzarlıqdadır, cənablar…

 

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.