Nəsib Məhəməliyev: ” İslahatlara mane olan bir neçə kateqoriyadan olan insanlar mövcuddur”

Prezident İlham Əliyevin apardığı dərin, köklü islahatların əleyhinə gedən, dəfələrlə ən yüksək səviyyədə verilən tapşırıqlara baxmayaraq, əhalini dövlətdən narazı salan məmurlar var.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev XALQ.AZ-a müsahibəsində deyib.

Azərbaycanın yeni Baş prokuroru təyin olundu, Kamran Əliyevin Milli Məclisdə çıxışı sizə necə təəssürat bağışladı?

Öncə ölkə Başçısına təşəkkür edirəm ki, Kamran Əliyev kimi ictimai nüfuzu yüksək olan, müsbət imicə malik, peşəkar, beynəlxalq münasibətlərdə təcrübəsi olan, yüksək əxlaqi keyfiyyətləri ilə seçilən, savadlı bir hüquqşünası respublikanın Baş prokuroru vəzifəsinə təyin etdi. Yeri gəlmişkən Kamran müəllimi təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

DTX-nin keçirdiyi əməliyyatlarda görünür ki, bölgələrdə korrupsioner məmurlar Prezident Ilham Əliyevin tapşırıqlarını icra etmirlər bu kimi hallar təkrarlanacaq?


Demək olmaz ki, bölgələrdə çalışan məmurlar, dövlət Başçısının tapşırıqlarını tamamilə yerinə yetirmirlər. Ancaq son aylarda bəzi korrupsioner məmurların ifşa olunması göstərdiki, hələ də cənab Prezidentin apardığı dərin, köklü islahatların əleyhinə gedən, dəfələrlə ən yüksək səviyyədə verilən tapşırıqlara baxmayaraq, əhalini dövlətdən narazı salan məmurlar da çoxdur. Belə hallar nə qədər təkraralanacaqsa, o qədər də ağır şəkildə cəzalarını alacaqlar. Hər kəs başa düşməlidir ki, daha əvvəlki tək davam edə bilməz.

Nəsib müəllim ölkədə aparılan islahatlara maneçilik törətmək istəyənlər var. Millət vəkili olaraq cəmiyyətin onların mübarizəsi ilə razısınızmı? Onlar kimlərdir və məqsədləri nədir?


Hər bir cəmiyyətdə müxtəlif xarakterli, müxtəlif düşüncəli insanlar var. İslahatlara mane olan bir neçə kateqoriyadan olan insanlar mövcuddur. Birincisi, hakimiyyətin daxilində bəzi vəzifəli məmurlar, hansı ki, hər şeyin əvvəlki kimi qalmasını arzu edir və ancaq şəxsi maraqlarını güdürlər. Həmçinin, yerlərdə əhalini öz şəxsi mülkiyyəti hesab edən və dövlətdən narazı salan, qeyri- peşəkar, dünyagörüşü, intellekti kifayət qədər aşağı olmasına baxmayaraq, (maniya veliçiya),xəstəliyinə tutulmuş bəzi icra başçıları.İkincisi, özünü müxalifət adlandıran milli şura və ətrafındakı radikal qüvvələr, bütün müsbət işlərin üzərindən qara çəkməklə xaricdə və daxildə əks təbliğat aparanlar. Üçüncüsü isə, heç bir faydalı işlə məşğul olmadan,ancaq sosial şəbəkələr vasitəsi ilə hər şeyə mız qoyan, istənilən ciddi mövzuları lağ-lağıya çevirən, özündən başqa hamını günahkar hesab edən, bununla da ömrünü mənasız keçirən uğursuz adamlar. Məqsədləri ictimai-siyasi sabitliyi pozmaq və bulanıq suda balıq tutmaq arzusu. Cəmiyyətin onlarla mübarizəsi dedikdə, biz daha çox mübarizənin dövlət Başçısının apardığının şahidi oluruq. Ölkə Başçısı cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri dərindən təhlil edir və cəmiyyətin sosial sifarişlərini və dünyada gedən siyasi prosesləri uzlaşdırmaqla bərabər, Azərbaycan xalqının mənafeyini, təhlükəsizliyini, bütövlüyünü əsas götürərək inqlabi dəyişiklilər edir. Bir daha təkrar edirəm. Bu sadə məsələ deyil və ölkənin, xalqın gələcəyini düşünən hər kəs Prezident İlham Əliyevə dəstək verməlidir.

Seçicilər hansı problemlərlə bağlı müraciət edirlər və bununla bağlı hökümət qarşısında müracətləriniz olubmu?


Bu yaxınlarda 2019-cu ildə görülmüş işlərlə bağlı hökumətin hesabatı Milli Məclisdə dinlənildi və qiymət verildi. Düzdür, əvvəlki illərlə müqayisədə, koronovirus pandemiyasına görə, bu il hökumət üzvlərinin iştirakı olmadan, ancaq hörmətli Baş nazir Əli Əsədovun video məruzəsi dinlənildi və vaxt məhdudluğunu nəzərə alaraq çıxışlar az oldu. Buna baxmayaraq seçilərimin qaldırdıqları problemləri yazılı şəkildə nazirlər kabinetinə təqdim etdim.
Bunlar əsasən xəstəxana, məktəb, bağça, yol tikintisi, iş yerlərinin açılması, içməli su-kanalizasiya, bank kreditləri, telefonlaşma, internet məsələri və sairə.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, ölkə Başçısının təsdiq etdiyi, Reqionların sosial-iqtisadi inkişafı, ilə bağlı dörd dövlət proqramının nəticəsində Balakən rayonunda çox qlobal işlər görülmüşdür və bütün bunlara görə rayon əhalisi tam mütəşəkkilliklə ölkə Başçısının siyasətini dəstəkləməklə minnətdarlıqlarını bildirirlər.

Nəsib müəllim bəzi vətəndaşlar karantin rejminə əməl etmirlər. Bununla bağlı hər hansı çağrışınız varmı?

Vətəndaşlarımız bilməlidir ki, Pandemiya ilə qeyri-ciddi davranışın fəsadları ağır olur. Çox şükürlər olsun ki, ölkə Başçımızın zamanı qabaqlayan tədbirləri nəticəsində , Azərbaycan bu ümumbəşəri bəladan az itkilərlə çıxmağı bacarır. Ancaq tam arxayınlaşmaq olmaz. Hər bir vətəndaşımız səbr, təmkin nümayiş etdirməli və bununla da koronovirusun tezliklə yox olmasına yardım etməlidir. Vətəndaşlarımızdan xahiş edirəm ki, karantin rejiminin qaydalarına tam riayət etsinlər.