Nəsib Məhəməliyev: “Bu məmurlar sui-istifadə hallarına yol verir”

Nəsib Məhəməliyev: “Bəzi məmurlar fikirləşir ki, hər gün nəsə çırpışdırım, nəsə qopradım ”

SOSİUM.az “Baxış bucağı” adlı yeni media layihəsini təqdim edir. Layihədə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs olunacaq, Azərbaycanda və dünyada baş verən hadisələrə işıq salınacaq.XALQ.AZ Sosium.az -a istinadən layihənin ilk qonağı Milli Məclisin deputatı Nəsib Məhəməliyevin müsahibəsini təqdim edir.

DOSYE: Nəsib Məhəmməd oğlu Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. İki çağırışdır Milli Məclisin deputatıdır və 109 saylı Balakən seçki dairəsini parlamentdə təmsil edir.

– Nəsib müəllim, koronavirusa görə bir çox ölkədə həyat dayanıb, insanlar evlərinə qapanıblar, şəhərlər kabus halına gəlib. Bəs, bu böhran nə vaxt bitəcək?

– Reallıq ondan ibarətdir ki, koronavirus pandemiyası dünyanın 200-dən artıq ölkəsini çətin sınaqlarla üz-üzə qoyub. Hələ pandemiya yeni kütləviləşməyə başladığı dövrdə, fevral ayının 28-də Cənab Prezident İlham Əliyev müvafiq qərarlar qəbul edərək, önləyici tədbirlər gördü. Eyni zamanda koronavirusun əlamətləri ilə bağlı tibb ictimaiyyəti məlumatlandırıldı. Aidiyyatı üzrə həm Bakı şəhərində, həm də regionlarda koronavirus pandemiyası ilə mübarizə kontekstində xəstəxanalar ayrıldı. Gigiyenik qaydaların, o cümlədən izaolyasiya və karantin qaydalarının təsdiqi Azərbaycanın prosesdən az itkilərlə çıxmasını təmin etdi. Hesab edirəm ki, biz birinci mərhələni uğurla geridə qoymağı və az itkilərlə başa vurmağı bacardıq. Heç şübhəsiz bütün bunlar zamanında verilmiş düzgün və düşünülmüş qərarların nəticəsi idi.

– Sizcə, şənbə-bazar məhdudiyyətlərinin tətbiqi artan dinamika ilə inkişaf edən COVİD-19 infeksiyasının azalmasına gətirib çıxaracaqmı?

– Bir daha bildirmək istəyirəm ki, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı addımlar atmaqla, biz Covid-19 infeksiyasının yoluxma arealını azalda bildik. Lakin karantin rejimi ləğv olunandan, daha doğrusu müəyyən yumşalmalar həyata keçiriləndən sonra statistikada gündəlik yoluxma halları artan templə inkişaf etdi. Bu baxımdan Operativ Qərargahın şənbə-bazar günləri məhdudiyyətlərin tətbiq olunması ilə bağlı qərarı doğrudur. Nəzərə alanda ki, statistika sürətlə artır və antirekord qeydə alınıb, bu qərarın qəbulu qaçılmaz idi. Şəhərdə apardığımız müşahidələr zamanı aydın şəkildə gördük ki, əksər insanlar sosial məsafə gözləmədən, tibbi qoruyucu maskalardan istifadə etmədən davranırlar. Sanki biz koronаvirus pandemiyasını yaşamamışıq və əhalidə kəskin arxayınlaşma müşahidə olunur. Əgər zamanında müdaxilə olunmasa, bu daha ağır nəticələrə gətirib çıxara bilər. Bu həm insanların sağlamlığı, həm dövlətin izafi xərclərdən yayınması, həm də həkimlərin təhlükəsizliyi baxımından önəmlidir. Unutmaq lazım deyil ki, nə qədər çox karantin qaydalarına əməl etsək, bir o qədər tez yenidən əvvəlki həyata qayıda biləcəyik. Bunun üçün vətəndaşlardan sosial məsuliyyət tələb olunur.

– Azərbaycanda həyata keçirilən islahatlar hakimiyyətin bütün qollarını, icraedici, qanunverici qolları əhatə edir. Sizin bu islahatlardan gözləntiləriniz nədir?

– Təkcə mənim deyil, bütövlükdə Azərbaycan xalqının bu islahatlara münasibəti çox yüksəkdir. 2018-ci ilin aprel seçkilərindən sonra Cənab Prezident İlham Əliyev dərin və köklü islahatların həyata keçiriləcəyi anonsunu verdi. Bundan sonra mərkəzi icra hakimiyyəti orqanlarında, Nazirlər Kabinetində, eyni zamanda Prezident Adminstrasiyasında və qanunverici orqan olan – Milli Məclisdə islahatlar aparıldı. Bu proses davam edir və məhkəmə-hüquq siteminin təkmilləşməsi ilə bağlı Cənab Prezident İlham Əliyevin sərəncamı bu sahədə də islahatların aparılacağını söyləməyə əsas verir. İqtisadi və sosial islahatlar, kadr və struktur islahatları cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və biz bunun real nəticələrini artıq öz gündəlik həyatımızda hiss edirik.

– Müşahidələrə rəğmən deyə bilərik ki, islahatların əsas istiqaməti gənc kadrların yüksək postlara təyinatları ilə bağlıdır…

– Gənclərin yüksək dövlət vəzifələrinə təyin olunması sosial sifarişdir və zamanın tələbidir. Hər bir normal inkişaf etməkdə olan cəmiyyətlərdə nəsillərin əvəzlənməsi prosesi getməlidir. Digər yandan uzun illər müəyyən dövlət vəzifəsi daşımış insanlar bəzən özlərindən asılı olmadan, şəraitin diqtəsi ilə korrupsiya hallarına yol verirlər. Hesab edirəm ki, ümumi qəbul olunmuş beş il müddəti optimal müddətdir və kadrların rotasiyası baş verməlidir. Təəssüf ki, yerlərdə Cənab Prezidentin tövsiyyə və tapşırıqlarına soyuqqanlı yanaşan, daha doğrusu sui-istifadə hallarına yol verən, mənfi reputasiyası ilə ictimai nüfuzunu aşağı salan məmurlar var. Bəzi hallarda onlar əhaliyə yuxarıdan aşağı baxır, onların hüquq və azadlıqlarını pozur, həyata keçirilən sosial və iqtisadi islahatlardan öz şəxsi mənafeləri naminə istifadə edirlər.

– Diqqətçəkən məqamlardan biri yeni siyasi konfiqurasiya, yeni siyasi sistemin konturları və parlamentdə başlanan dəyişikliklərlə bağlı oldu…

– İqtisadiyyat, təhlükəsizlik, idarəetmə və digər sahələrlə yanaşı, Azərbaycanın siyasi sistemində də islahatlar həyata keçirildi. Prezident Adminstrasiyasının tərkibində struktur islahatların aparılması, o cümlədən parlamentlə və siyasi partiyalarla fəaliyyəti həyata keçirən şöbənin yaradılması mühüm amil oldu. İndiyə qədər belə bir şöbə mövcud deyildi və siyasi partiyalar arasında dialoq yalnız fərdi təşəbbüslər çərçivəsində həyata keçirilirdi. Artıq dövlət tərəfindən bu işi həyata keçirəcək ixtisaslaşmış şöbə yaradılıb və bu şöbə eyni zamanda qanunverici orqanla da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Millət vəkilləri tərəfindən qaldırılan bütün məsələlərə operativ reaksiya təmin edilir, bu məsələlərlə bağlı Prezident Adminstrasiyasına vaxtaşırı məruzə olunur. Heç şübhəsiz bu icra və qanunverici hakimiyyət qolları arasında hormonik inkişafı təmin edir. Bu olduqca vacib məsələdir.

– Deputatların fəaliyyətində yeni trendlər nəzərə çarpır. Müasir və çağdaş dövrün tələbləri ilə ayaqlaşmaq çətin olmur ki?

– Əslinə qalsa, V çağırış deputatlıq dövrümdə hansı strategiyanı müəyyənləşdirmişdimsə, bəzi korrektələr olmaq şərtilə həmin formada fəaliyyətimi davam etdirirəm. İlk növbədə harada işləməyimdən, istər Milli Məclis olsun, istərsə də icra strukturları, çalışmışam ki, təmsil olunduğum komandanın mənafeyini düzgün təmsil edim. Geniş kütlələr arasında düzgün təbliğat aparım. Eyni zamanda kimliyindən asılı olmayaraq, bütün seçicilərin şəxsi və ictimai problemlərinə diqqətlə yanaşmağa, daha çox onlarla təmasda olmağa, imkan daxilində həmin problemlərin həllinə nail olmağa çalışıram. Koronavirus pandemiyası ilə əlaqədar olaraq artıq üç aya yaxındır müəyyən məhduyyətlər yaranıb. Lakin bu bizim işimizə heç bir əngəl törətmir. Müasir dövrdə bunu həyata keçirmək elə də çətin deyil. Mənim feysbuk səhifəm yarandığı gündən hər kəs üçün açıq olub və hazırki şəraitdə istənilən insanla onlayn formada görüş keçirə bilərəm. Milli Məclisin bu günlərdə keçirilən iclasında çıxışım zamanı regionlarda internetin keyfiyyətinin artırılması ilə bağlı təklif irəli sürdüm. Artıq dünyanın əksər dövlətləri distant idarəetməyə keçid edib. Bu öz növbəsində nəinki heç bir problem törətmir, əksinə, daha operativ qərarların qəbuluna zəmin yaradır. Hesab edirəm ki, hər bir məmur sosial şəbəkələrə açıq olmalı və real ünsiyyətdən distant ünsiyyətə keçidi təmin etməlidir.

– Balakən və Nəsimi rayonlarına rəhbərlik etmisiniz. Gündəmi məşğul edən mövzulardan biri icra başçılarının həbsi ilə bağlıdır. Nə baş verdi ki, onlar yolunu məhbəsdən salmalı oldular?

– İlk növbədə onlar tamahına sahib ola bilmədilər. Tamah idarə olunmayanda artıq bir vərdişə, bəzən isə xəstəliyə keçir. Bu insanlar xəstələniblər. İnsan özünü necə kökləsə, işini də elə görəcək. El arasında belə bir deyim var, ruzini yetirən Allahdır. Məqsədli şəkildə hər gün səhər evdən mütləq hardansa pul çırpışdırmalıyam, pul qopartmalıyam fikri ilə çıxırsansa, bu artıq müalicəsi olmayan xəstəlikdir. Belə olan halda acınacaqlı vəziyyət yaranır və dövlət də öz funksiyasını icra etmək məcburiyyətində qalır.

– Azərbaycan kifayət qədər həssas regionda yerləşir. Təsadüfi deyil kl, beynəlxalq siyasətdə bir “Azərbaycan modeli” qəbul olunub…

– Sözümüzü kəsir. Çox maraqlı sualdır. Hər şey faktlara söykənməlidir. Fakt odur ki, Azərbaycan yeni bir dövlətdir və SSRİ dağılandan sonra ciddi problemlərlə qarşılaşıb. İlk növbədə Dağlıq Qarabağ problemi və torpaqlarımızın işğalı o dövrün bizə mirasıdır. Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində beş dəfə hakimiyyət dəyişikliyi olub və məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra proseslər normal məcraya yönəlib. Baxmayaraq ki, Ulu Öndərə qarşı da çevriliş cəhdləri oldu, lakin bütün bunlar Azərbaycanın uğurlu inkişafına əngəl törədə bilmədi. 2011-ci ilin oktyabrında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və 155 ölkənin dəstəyini qazandı. Postsovet məkanında ilk dövlət olaraq bu statusu qazandı. Ardınca 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv olduq və ötən il bu Hərəkatın Bakıda forumu keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın rəhbərliyi, Avropa qurumlarında və bir çox regional birliklərdə təmsilçilik ölkəmizin uğurlu xarici siyasətinin göstəricisidir. Şərqnən Qərbi, Şimalnan Cənubu birləşdirən bir nöqtə olaraq biz bundan öz milli maraqlarımız naminə yararlana bildik. Çindən Avropanı birləşdirən İpək Yolu vasitəsilə şərq-qərb marşrutu, Qars-Axalkalaki dəmiryolu xətti ilə Avropaya çıxış, şimal-cənub marşrutu ilə körfəz ölkələri ilə rahat və qısa əlaqələrin yaradılması, həyata keçirilən transmilli layihələr, neft-qaz ixrac kəmərləri və digər layihələr Azərbaycanın böyük qələbələridir. Dünya miqyasında kiçik, müharibə şəraitində olan bir ölkə üçün bu qələbələr böyük diplomatik nailiyyətdir və Azxərbaycanın beynəlxalq miqyasda uğularını şərtləndirir. Sizi əmin edirəm ki, Azərbaycanın Qarabağ problemi, qaçqın və məcburi köçkünlər qayğısı olmasaydı, biz məcburi şəkildə hər il milyardlarla vəsaiti ordu quruculuğuna, yeni silahların alınmasına, yüzminlərlə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması sərf etməsəydik, Azərbaycan iqtisadi baxımdan adambaşına düşən gəlirə görə çox üstün mövqedəydi. Sosial vəziyyəti çox yüksək səviyyədə idi. Bütün bu nailiyyətlərin kökündə Cənab Prezident İlham Əliyevin ağıllı, düşünülmüş siyasəti dayanır və mürəkkəb regionda yerləşməyimizə baxmayaraq, Azərbaycan bütün kənar təsirlərdən özünü qoruya bilib.

– Vaxtaşırı olaraq Avropaya bağlı təsisatların və onların daxildəki emissarlarının ölkəmizə qarşı qərəzli münasibətini müşahidə edirik. Sizcə, istəkləri nədir?

– Vaxtaşırı olaraq bu kimi hallarla qarşılaşırıq. Həm xaricdən, həm də daxildən bu cür təzyiqlərlə üz-üzə qalırıq. Bunların bəziləri iqtisadi maraqlarını təmin etmək üçün müraciətlər edir və milli maraqlarla ziddiyyət təşkil etdikdə dövlət rəhbərliyi bundan imtina edir. Bundan sonra həmin qüvvələr müxtəlif qeyri-hökumət təşkilatları, lobbiçilik etdiyi beynəlxalq qurumlar və daxildəki “beşinci kolon” vasitəsilə Azərbaycanda həyata keçirilən islahatlata kölgə salmağa çalışırlar. İctimai-siyasi sabitliyi pozmağa yönəlik, xaotik anarxiya tipli cəmiyyət yaratmağa meylli bu qüvvələr heç bir halda cəmiyyətdən dəstək qazanmırlar. Çünki Azərbaycan xalqı ötən əsrin 90-cı illərdə bu vəziyyəti yaşayıb və yenidən bunun təkrarlanmasına yol verməyəcək. İstənilən halda Azərbaycan güclü dövlətdir və çox məkrli bir düşmənlə üz-üzə dayanıb. Etiraf edək ki, erməni lobbisi kifayət qədər mövqe qazanıb və hər vəchlə bizim uğurlarımıza kölgə salmağa çalışırlar. Çünki Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi onların heysiyyatına toxunur və bununla barışmaq istəmirlər. Bütün hallarda psixoloji cəhətdən buna hazır olmalıyıq və cəmiyyət özü bu kimi təxribatçı qüvvələrə qarşı mübarizə aparmalıdır.

Azər Niftiyev, SOSİUM.az

XALQ.AZ