“Nəvəm prezidentin oğlu ilə eyni yerdə xidmət edir”-Xalq şairi

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. And içən əsgərlər arasında xalq şairi Fikrət Qocanın nəvəsi də olub. O, Azərbaycan prezidentinin oğlu Heydər Əliyevlə birlikdə vətənə sədaqət andı içib.
 
XALQ.AZ xəbər verir ki, Fikrət Qoca AzVision.az-a açıqlamasında onunla eyni adı daşıyan nəvəsinin hərbi xidmətdə olmasından qürur duyduğunu deyib.
“Nəvəm mənim adımı və soyadımı daşıyır. Qızımın oğludur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Babasına baş ucalığı gətirən nəvədir. Onunla qürur hissi duyuram. Çox sevindim ki, nəvəm prezidentin oğlu ilə eyni vaxtda, eyni yerdə xidmət edir. Nəvəm evin bir övladıdır. Könüllü olaraq hərbi xidmətə getmək istədiyini deyirdi. Prezidentin oğlu Heydər Əliyev də, nəvəm də vətən uğrunda xidmət keçəcəklər. Hərbi xidmətə getmək hər bir gəncin vətənə borcudur. Rəhmətlik Heydər Əliyev sağ olsaydı, nəvəsinə baxıb qürur hissi keçirərdi”, – deyə Fikrət Qoca vurğulayıb.
Orxan