Nadir Qafarzadə istəyinə çatdı

Nadir Qafarzade

Müğənni Nadir Qafarzadə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin xatirəsinə “Qurban belə gəlinə” adlı mahnı ifa edib.

ANS PRESS-in məlumatına görə, ifaçı sözləri Aşıq Əhlimana, musiqisi Vaqif Mustafazadəyə məxsus olan mahnıya müraciət etməsinin təəssüratlarını saytımızla bölüşüb:

“Hər zaman unudulmaz sənətkarlarımızın sevilən əsərlərinə müraciət edirəm. Bu günə qədər bir çox yeniliklər etmişəm. Klassik əsərlər, xalq mahnıları, gənc bəstəkarlarla yanaşı türk xalq musiqisinin də sevilən mahnılarını repertuarıma daxil etmişəm. Amma Vaqif Mustafazadə bəstəsinə müraciət etməyimsə çoxdankı arzum və istəyim idi. Şükürlər olsun ki, istəyimə çatdım. O, Azərbaycan musiqisi adına bir çox yeniliklər edib. Bu, danılmazdır”.

Nadir Qafarzadə eləcə də bildirib ki, martın 16-ı ölməz sənətkarın yubileyi olduğuna görə, məhz onun ruhunu şad etmək üçün ad günü öncəsi belə bir addım atıb.

Qeyd edək ki, V.Mustafazadə 1940-ci il martın 16-da İçəri şəhərdə dünyaya gəlib və 1979-ci ildə (39 yaşında) Özbəkistanda dünyasını dəyişib. Ölməz sənətkar Azərbaycan caz musiqisi və caz muğamının banisidir.