Nadir Şəfiyev: “Xarici siyasətimiz öz bəhrəsini verir”

“Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində birmənalı olaraq bildirdi ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Atəşkəsdən keçən dövr ərzində Azərbaycan bütün istiqamətlərdə inkişaf edib. Biz bunu həm iqtisadi, siyasi, həm də hərbi sahədə, beynəlxalq münasibətlərdə görürük”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Politoloqun sözlərinə görə, ümumiyyətlə son zamanlar ardıcıl olaraq bizim diplomatiyanın həyata keçirdiyi siyasət öz bəhrəsini daha çox verir: “Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, ATƏT-in Minsk Qrupunun əsas oyunçuları olan üç həmsədrdən ikisi ilə Azərbaycanın çox gözəl və yüksək səviyyəli münasibətləri var. Bu gün Azərbaycan həm Rusiya, həm də ABŞ-la çox gözəl münasibətlər qura bilib. Eyni zamanda Avropa İttifaqı və Fransa ilə münasibətlər elə qurulub ki, Azərbaycan bütün bu güc mərkəzləri ilə münasibətdə heç də kiçik qardaş təsiri bağışlamır. Ölkəmiz bunların hər biri ilə qarşılıqlı maraq doğuran səviyyədə münasibətləri qurub və inkişaf etdirib. Əsas buna təsir edən iki amil var. O amillərdən biri Azərbaycanın çox güclü dövlətə çevrilməsidir və daxili potensialının yüksək olmasıdır. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdə, xarici siyasətdə apardığı balanslaşdırılmış və çox dəqiq güclü siyasətdir. Bu baxımdan təbii olaraq cənab Prezident İlham Əliyevin dediklərini tam təsdiqləmək olar”.