Namizədlərin ilk zəngi-VİDEO

 

 

Sabah ilk zəng yalnız birincilər üçün deyil, birinci olmaq istəyənlər üçün də çalınacaq”

 

Sabahdan başlayaraq Azərbaycan prezidentliyinə namizədlərin təbliğat kompaniyasına start verilir. Bir aya yaxın müddətdə hər bir iddiaçı özünün daha yaxşı və daha etibarlı dövlət başçısı ola biləciynə inandırmağa çalışacaq. Həmişə, hər yerdə belə olub. Azərbaycan da istisna deyil. Məsələn mənim yadıma gəlir ki, nə vaxtsa namizədlərdən biri hətta birbaşa efirdə əlinə Quran götürüb seçicilərinə and qəsəm də eləmişdi. Və ya yadıma gəlir ki, vətəndaş müharibəsində çabalayan Azərbaycanda qutuya sükutla düşən bülleten səsləri qumbara səslərinə qarışırdı. Bir tərəfdə seçki qutuları idi, Təzəpirin həyətində öz içini gözləyən standart qutular-tabutlar. Keçmiş ola. Azərbaycan artıq 5-ci sabit prezident seçkisinə gedir.

34 gün ərzində prezidentliyə namizəd olmaq üçün 24 nəfər sənəd təqdim etsə də, çox keçməmiş iki nəfər öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən İlqar Altay və Qüdrət İsakov seçkilərdə iştirakdan könüllü imtina etdi.

22 namizədin qeydiyyat üçün təqdim etdikləri sənədlər ələkdən keçəndən sonra isə 11 nəfər lazımi sayda imza toplaya bilməyib bu seçkidən kənarda qalanlar siyahısına düşdü. Seçkilərə qatılan rəqiblərin sayı isə 10-a yüksəldi.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müstəqil namizədliyini irəli sürən Zahid Oruc, Azadliq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Sosial Demokrat partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Şuranın vahid namizədi Cəmil Həsənli və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.

Bununla da ölkəmizdə sayca 6-cı dəfə keçirilən prezident seçkiləri ən çox namizədlərin qeydə alındığı hadisə kimi tarixə düşdü.

Belə ki, 2008-ci ildə keçirilən prezident seçkilərində bu post uğrunda 7 nəfər mübarizə aparırdısa, 2003-cü ildə siyasi mübarizəsinə görə daha qızğın olan prezident seçkilərində 8 namizəd bu post üçün mübarizə aparırdı. 1998-ci ildə isə bu rəqəm 5-ə bərabər idi.

1993 -cü illərdə isə xalqın seçimi o qədər də çətin olmadı. (2 nəfər)

Müstəqilliyin ilk dövrlərində, 1992 -ci ildə dövlət başçısını xalq 7 namizədin içindən seçdi.

MSK sədrinin müavini, Natiq Məmmədov: “Artıq namizədlərin qeydə alınması prosesi yekunlaşmışdır. Bu isə o deməkdir ki, seçkidə seçki qabağı təşviqat kampaniyası başlayıb. Bildiyiniz kimi səsvermədən 23 gün əvvəl və səsverməyə 24 saat qalmış təbliğat dayandırılır. Bu müddət ərzində seçki qabağı təşviqatda iştirak etmək, seçkidə iştirak edən subyektlər nəzərdə tutulmuş qaydada öz təşviqatlarını apara bilərlər. Burda əsas məqsəd məhz hər hansı bir namizədin seçiminə inandırmaqdan ibarətdir”.

Təbii ki, seçki qabağı təbliğata ayrılan 23 gün seçicinin namizədi tanınması və ona inanması baxımından kiçik bir müddətdir. Bu 23 gün ərzində əslində hər bir namizəd illər ərzində gördüyü işi bir daha seçicinin nəzərinə çatdırır və yeni öhdəliklər götürür. Bu baxımdan İqtidar və Müxalifətin davranış tərzi tamamilə fərqlidir. Cəmil Həsənlini irəli verən müxalifət daxilində qopmalar baş verir. Bir partiya lideri Milli Şuradan çıxdığını elan edir, digər funksioner blok daxilindəki müttəfiqlərini fəaliyyətsizlikdə günahlandırır, qəzet səhifələrindən qarşılıqlı ittihamlar yağır. Artıq müxalifətin Milli Şura daxilində birliyinin nə dərəcədə sosial sifariş olduğu da sual altına qoyulur. Bütün bunları Cəmil Həsənlinin təbliğat kampaniyasının tərkib hissəsi adlandırmaq çox çətindir.

Politoloq, Qabil Hüseynli: “Müxalifətin seçki qabağı hazırlığını yüksək qiymətləndirmək mümkün deyil. Hətta seçki qabağı hazırlıq və təbliğat aşağı səviyyədədir. Seçki qabağı plakatların hazırlanması, onun da müəyyən qədər namizədin yerləşdiyi binanının bəzədilməsi, heç olmasa hansısa dairədə seçki qabağı mühitin yaradılması kimi məsələlər zəif, ya da heç diqqət verilmir”.

Prezident İlham Əliyev isə artıq 10 ildir ki, davam etdirdiyi siyasi və iqtisadi xətti həyata keçirir. Dövlət başçısının iştirakı ilə müxtəlif sosial yönümlü obyektlərin açılır, müəssisələr işə salınır, əmək haqqları, təqaüdlər artırılır. Bunu seçki təbliğatı da adlandırmaq da olmaz, çünki İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bəri hər ay, az qala hər gün bu cür tədbirlərdə iştirak edib. Bölgələrdə yerli sakinlərlə görüşündə İlham Əliyev dövlətin gələcəyə planlarından danışır, əhaliyə yaxınlığını, sadə vətəndaşın tərəfində olduğunu nümayiş etdirir.

Azərbaycan respublikasının prezidenti, İlham Əliyev: “Bəzi vəzifəli şəxslər özləri üçün təmtəraqlı məclislər keçirirdi. Bir neçə cür. Xaricdən qonaqlar, muğənnilər çağırırdılar. Bunun adı qudurğanlıqdır, başqa heç nə. Əgər dövlət onu təyin edirsə, mən prezident olaraq onu o vəzifəyə təyin edirəmsə o nümunə olmalıdır. Hər sahədə işi, davranışı, insanlara münasibətilə. Belə olmalıdır. Əgər belə olmursa onda onlar o vəzifədə oturmamalıdır”.

Azərbaycanda prezident seçkisinin favoriti həmişə göz qabağında olub. indi də vəziyyət fərqli deyil. Kimlərsə qarşıdan gələn 23 gün ərzində bu vəziyyəti dəyişməyə çalışacaqlar.

Sentyabrın 16-dan Azərbaycanda təbliğat kampaniyası başlayır. Yəni sabah ilk zəng yalnız birincilər üçün deyil birinci olmaq istəyənlər üçün də çalınacaq. Seçkinin son zəngi isə oktyabrın 8-də vurulacaq və bir gün öz fikirləri ilə baş-başa buraxılan Azərbaycan vətəndaşları növbəti dəfə öz seçimini edəcəklər.

 

Mirşahin