Naqif Həmzəyev: Ermənistanın məkrli planı tezliklə puç olacaq

naqif hemzeyev 240720

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistan höküməti artıq bir neçə müddətdir ki, açıq-aydın müharibəyə hazırlıqlar aparır. İşğalçı hökumətin rəhbərinin cəfəng bəyanatları, təxribat xarakterli addımları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün danışıqlar prosesinə böyük zərbə vurub.

Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan dövləti ordudakı çatışmazlıqları müxtəlifl yollarla həll etmək üçün bütün resurslarını səfərbər edib. 70 yaşadək olan ahıl insanları belə silahlandırmaq üçün “Müdafiə haqqında” qanuna əlavələr edib, imkanlarından çox miqdarda silah alıb, hətta, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, “Qadınlar sülh uğrunda” təşəbbüsünün müəllifi Anna Akopyan da müharibəyə hazırlıq proseslərində yaxından iştirak edir. Ermənistanın iyul ayında dövlət sərhədində törətdiyi hərbi təxribatın məğlubiyyətə uğramasını xalqa qələbə kimi təqdim edilməsi isə avantürist dövlətinin yürütdüyü siyasətin ən gülünc məqamlarından oldu.

Ölkə Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı ermənilərin təxribatının səbəblərindən birinin məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyasını öyrənmək olduğunu qeyd edib: “Ermənilər iyul məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz?”.

Dövlət başçımızın müsahibəsi Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavab oldu.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığını, ikiüzlü olmasını gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu təsdiq etdi. Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiyanın tək bir adı var: faşizm.

Dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla sübut edilib ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı tezliklə puç olacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad ediləcək.