Naqif Həmzəyev AŞPA üzvlərini ruhi xəstələrə qayğı ilə yanaşmağa çağırıb

“Biz dinindən, cinsindən və ruhi vəziyyətindən asılı olmayaraq hər bir kişinin, qadının və uşağın bərabərliyi üçün mübarizə aparmalıyıq”.

XALQ.AZ  xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Ruhi sağlamlıqla bağlı məcburiyyətlərə son qoyulması: insan hüquqlarına əsaslanan yanaşmanın vacibliyi” adlı qətnamənin müzakirələri zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə bu gün Avropa vətəndaşların birgə və bərabər yaşayışlarını təmin etmək və inkişaf etdirmək kimi vacib məsələ ilə üz-üzə dayanıb: “Avropanın səhiyyə sistemində ruhi sağlamlıq problemi olan insanlarla bağlı insan hüquqlarına söykənən islahatlar aparılmalıdır. Ruhi sağlamlıq probleminə Avropada ciddi yanaşılmır. İnsan hüquqlarına zidd olan köhnəlmiş təcrübələr hələ də tətbiq edilməkdədir. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də ədalət və sivilizasiyanın təməli olan insan hüquqlarına əsaslanan vasitələr tətbiq olunmalıdır. Bizə vətəndaş cəmiyyətini, qanunun aliliyini və insan hüquqlarının universallığını müdafiə edən möhkəm bir Avropa lazımdır”.

Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə bir sıra işlər görülür: “Mənim ölkəmdə – Azərbaycanda, bu sahədə insan hüquqlarına əsaslanan yanaşmanın həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Bu gün Avropa cəmiyyətinin rifahı və insanların bərabərliyi üçün mübarizə aparmalıyıq, çünki hamımız bərabər doğulmuşuq”.

 

Orxan