Naqif Həmzəyev: “Gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirmişəm”

“Millət vəkili seçiciləri ilə dövlət arasında körpü rolunu oynamalı, onların dərd-sərinə şərik çıxmalı, problemlərinin, sosial məsələlərinin həllinə yardım etməlidir. Millət vəkili seçicinin problemini həll etməyə vəd verməmişdən əvvəl onu nə dərəcədə yerinə yetirə biləcəyi barədə düşünməlidir. Elə məsələlər var ki, onlar millət vəkilinin səlahiyyətləri xaricindədir”.
XALQ.AZ xəbər verir ki, bu sözləri “Azadinform” İnformasiya Agentliyinə “Deputatın hesabatı” layihəsi çərçivəsində 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən seçilmiş millət vəkili Naqif Həmzəyev deputat seçilməsinin üç ili, bu müddətdə görülən işlər və qarşıda duran məsələlər haqda danışarkən deyib.
N.Həmzəyev bildirib ki, seçildiyi üç il ərzində millət vəkili kimi üzərinə düşən bütün vəzifələri şərəflə və layiqincə yerinə yetirməyə çalışıb: “Hər hansı işin təşəbbüsünü irəli sürməmişdən əvvəl onun nə qədər lazım və real ola biləcəyini düşünmək lazımdır. Hansısa işin təşəbbüskarı olmaqda təbii ki, seçicilərin rolu çox böyükdür. Seçicilərin istəkləri fərqli olduğu üçün, fərqli təşəbbüslər də meydana çıxır. Təşəbbüskarı olduğumuz və həllinə çalışdığımız bəzi işləri deyim. Seçildiyim ərazidə, Gəncə şəhər Gülüstan qəsəbəsində seçicilərimdən müraciət daxil oldu ki, qəsəbədə uşaqların təhlükəsiz şəkildə futbol oynamaları və idmanla məşğul olmaları üçün futbol meydançasının, idman qurğularının quraşdırılmasına köməklik göstərək. Biz də məsələni aidiyyatı qurumlar qarşısında qaldırdıq. 2017-ci ildə şəhər İcra Hakimiyyəti və Nizami Bələdiyyəsinin dəstəyi ilə Gülüstan qəsəbəsində müasir standartlara uyğun futbol meydançası və idman qurğuları quraşdırılaraq yeni nəslin ixtiyarına verildi”.
Deputat deyib ki, daha bir təşəbbüs gənclərin istəklərindən irəli gəlib: “Bildiyiniz kimi, Gəncədə 3 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali təhsil müəssisələrində təhsil alan gənclərin və digər gənc seçicilərimin müraciəti olurdu ki, şəhər mərkəzində və parklarda internetə sərbəst giriş imkanları yoxdur. Müraciətlər əsasında araşdırma apardıq və aidiyyatı orqanlarla danışıqlara başladıq. Nəhayət, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin mərkəzində, parklarda və universitetlərdə sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına gənclərin pulsuz çıxış əldə etməsi üçün “Ganja WiFi” şəbəkəsi yaradıldı. Hazırda şəhər sakinləri, qonaqlar, xüsusən gənclər “Ganja Wi-Fi” şəbəkəsindən pulsuz istifadə imkanı əldə ediblər”.
N.Həmzəyev bildirib ki, seçicilərin şikayət və müraciətləri əsasında aidiyyatı orqanlarla birgə su, qaz, elektrik, küçə işıqlandırılması kimi bir çox problemlərin aradan qaldırılmasında yaxından iştirak edib: “Bu yöndə işlərimiz bu gün də davam edir, gələcəkdə də davam edəcək. Mənim yaşayış yerim Gəncə şəhəridir. Bakı şəhərində Milli Məclisin iclaslarında və digər dövlət tədbirlərində iştirak etdikdən sonra yenə Gəncə şəhərinə dönürəm. Şəhərimizdə olduğum müddətdə istənilən seçici ilə istənilən vaxtda rəsmi və ya qeyri-rəsmi (ictimai nəqliyyatda və ya digər ictimai yerlərdə) mütəmadi görüşürəm, problemlərini və istəklərini dinləyib həllinə kömək etməyə çalışıram. Xarici dövlətlərdə səfərdə və ya Bakıda olduğum müddətdə isə deputat ofisinə olunan hər bir müraciət araşdırılır, aidiyyatı üzrə dövlət orqanları ilə birgə seçicilərin problemlərinin həllinə çalışılır”.
Millət vəkili bildirib ki, Gəncə şəhərində olmadığı müddətdə də onunla şəxsən görüşmək istəyənlərin qeydiyyatı aparılır: “Qeydiyyatı aparılan seçicilərlə çalışıram ki, hər həftə görüş keçirək. Ümumiyyətlə, seçicilərlə görüşlər mütəmadi təşkil olunur. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında yerləşən ofisdə və yerlərdə görüşlər təşkil edilir”.
Daha çox hansı məsələlərlə bağlı müraciət almasından da danışan millət vəkili Naqif Həmzəyev qeyd edib ki, seçicilər fərqli olduğu kimi, istəkləri və problemləri də fərqlidir: “Adətən, sosial, hüquqi, təhsil, səhiyyə və maliyyə problemləri ilə bağlı müraciətlər alırıq. Seçicilərin hüquqi məlumatsızlığından yaranan müraciətlər çoxluq təşkil edir. Məsələn, vətəndaş birinci instansiya məhkəmənin qərarından narazı olduğunu bildirir və köməklik göstərilməsini xahiş edir. Bu zaman seçiciyə izah olunur ki, birinci instansiya məhkəmənin qərarından daha yuxarı instansiya məhkəməsinə müraciət edə bilər. Gənclərin məşğulluğu ilə bağlı müraciətlər də çoxluq təşkil edir. Həmişə gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirmişəm”.
Millət vəkili deyib ki, təhsilini ailəsindən uzaqda, Bakıda alıb: “Gənc yaşlarımdan ictimai sahədə, özəl işlərdə çalışmışam. Bir gənc üçün valideynlərə yük olmamaq üçün həm oxuyub, həm işləməyin nə qədər vacib olduğunu yaxşı bilirəm. Çox təəssüf ki, gənclərimizin bəzilərində məşğulluq məsələsinə yanaşma tərzi fərqlidir. Bəzi gənclər tələbə olduqları müddətdə ictimai işlərlə, dil və ya digər bacarıqlarının inkişafı ilə məşğul olmurlar”.
Orxan