Naxçıvanda əhalinin siyahıya alınmasına başlanılıb

Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya alınmasının təşkili məqsədilə muxtar respublikanın Ali Məclis sədrinin 2016-cı il 26 dekabr tarixli sərəncamı ilə əhalinin siyahıya alınmasına yardım komissiyası yaradılıb və komissiyanın qərarı ilə iş planı təsdiq edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Muxtar respublikanın şəhər və rayonlarında siyahıyaalma ilə əlaqədar şəhər və rayon icra hakimiyyəti başçısı müavinlərinin sədrliyi ilə əhalinin siyahıya alınmasına yardım komissiyaları yaradılıb. İş planına əsasən muxtar respublikanın şəhər və rayonlarının yaşayış məntəqələri üzrə sxematik plan və xəritələrin hazırlanması təmin edilib, hər bir inzibati ərazi vahidi üzrə təşkilati planlar işlənib, siyahıyaalmanın rayonlaşdırılması başa çatdırılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq muxtar respublika üzrə şəhər, 24 kənd siyahıyaalma məntəqəsi, 91 şəhər, 218 kənd təlimatçı məntəqəsi, 455 şəhər və 1088 kənd sayıcı məntəqəsi yaradılıb. İş planında nəzərdə tutulan bütün tədbirlərin icrası müəyyən olunmuş vaxtda başa çatdırılıb.

Siyahıyaalma ümumilikdə 52 sualı əhatə edib. Mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması komitəyə həvalə olunub.