Naxçıvanda iməcilik

Naxçıvanda keçirilən iməciliklərdə yeni tinglər əkilib

Xalqımıza məxsus milli dəyərlər və adət-ənənələrin əsasında vətənpərvərlik, saflıq və xeyirxahlıq kimi savab əməllər dayanır. Naxçıvanda insanlar bu gün də milli mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmətlə yanaşır, mənəvi saflıq və həmrəylik nümayiş etdirirlər. Dini dəyərlərimizə uyğun olaraq, muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklərin keçirilməsi də bu tədbirlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, martın 25-də Naxçıvan Muxtar Respublikasında yazın gəlişi qəbiristanlıqlarda səliqə-sahman yaratmaq və yaşıllıqlar salmaqla əlamətdar olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq mühafizə orqanlarının kollektivləri və ictimaiyyətin nümayəndələri Naxçıvan Şəhər Qəbiristanlığında iməcilik keçirib, təmizlik işləri görülüb, 2200 ədəd həmişəyaşıl ting əkiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Ali Məclisin Sədri təmizlik işlərinin davam etdirilməsi və yaşıllıqların salınması barədə tapşırıqlar verib. Həmin gün muxtar respublika ərazisindəki qəbiristanlıqlarda iməciliklər yolu ilə 22 minə yaxın ting əkilib.