Nazir erməni qızdan danışdı

 

15

“Ramana Gənc Əlillərin Peşə və Reabilitasiya Mərkəzində gənc erməni qız dərs keçir, peşə öyrədir. Deyəsən, xalçaçılıq öyrədir. Mən onu gözümlə gördüm. Familyasını deyəndə bilinir ki, tam erməni əsillidir. Bizdə buna fərq qoyulmur. Azərbaycan vətəndaşıdırsa, deməli, ona bütün bərabər hüquqlar yaranır”.

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məişət zorakılığından zərər çəkən şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarının təqdimat mərasimində söyləyib. Nazir vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların, o cümlədən məişət zorakılığından zərər çəkmiş şəxslərə qayğının artırılmasının vacib olduğunu deyib: “Yaxşı olar ki, bu təşkilatlar bütün rayonlarda yaradılsın. Niyə Kürdəmirdə yaşayan qadın Gəncəyə getməlidir? Biz dövlət orqanı olaraq, hər bir azərbaycanlının qayğısına qalmalıyıq, bu ölkənin hər bir vətəndaşının”.

Akkreditasiya üçün müraciət edən 8 qeyri-dövlət yardım mərkəzinin sənədləri yoxlanılıb, onların qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu qiymətləndirilib. Yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunması qərara alınıb: “Qaydalara görə, məişət zorakılığı qurbanları iki aydan üç ayadək həmin təşkilatların yaradacağı sığınacaqlarda qala bilərlər. Uşaqlar belə sığınacaqlara düşdükdə dərhal həmin mərkəzlər bunlar barədə müvafiq məlumatı həm yerli qəyyumluq təşkilatlarına, həm də uşaqlara yardım üzrə komissiyalara təqdim etməlidir”.

Sonra nazir həmin qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarını təqdim edib.