Nazir görüş keçirdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə arasında görüş olub.
Ölkəmizdə aparılan siyasətin sosialyönümlü olduğunu vurğulayan S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun nailiyyətlərini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması, məşğulluğun təminatı istiqamətlərində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Nazir aztəminatlı ailələrin özünüməşğulluq və kiçik sahibkarlıq imkanlarına yiyələnmələrinə şərait yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi, əmək və sosial müdafiə sisteminin müasir və səmərəli iş mexanizmləri üzərində qurulması və şəffaflaşdırılması istiqamətlərində ölkəmizdə aparılan işlər barədə məlumat verib.
Azərbaycanla İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən S.Babayev 2016-cı ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını bildirib. Nazir iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, müvafiq fəaliyyət sahələrində məlumat və təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətli olduğunu qeyd edib. Nazir İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv ölkələr, o cümlədən Azərbaycan və İran arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
C.Cahangirzadə iki ölkənin dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişləndiyini vurğulayıb. Səfir əmək və sosial müdafiə sahələrində bu əlaqələrin, təcrübə mübadilələrinin genişlənməsinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb. O, bu sahədə səfirlik tərəfindən məqsədyönlü işlərin görüləcəyini bildirib.
Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.