Nazir görüş keçirdi

Kəmaləddin Heydərov iranlı nazir ilə görüşüb

 

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov Prezident İlham Əliyevin İran İslam Respublikasına son səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə təkan verdiyini deyib. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən də ətraflı bəhs edən nazir vurğulayıb ki, qonşu və dost İranın müvafiq hökumət qurumları ilə əməkdaşlığın böyük perspektivləri mövcuddur.

Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Mahmud Vaezi son illər İranla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə güclənməsindən məmnunluğunu ifadə edib. İranlı nazir qeyd edib ki, onun təmsil olunduğu hökumət fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.