Nazir Göygöldə qəbul keçirib

72

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaş qəbulunu davam etdirir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul sentyabrın 17-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən Göygöl şəhərində keçirilib.

Gəncə, Naftalan şəhərlərindən, Göygöl, Goranboy, Samux, Daşkəsən və Kəlbəcər rayonlarından olan sakinlər əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbulla bağlı müraciət ediblər.

Vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini Gəncə, Naftalan, Samux və Göygöl telekommunikasiya idarələri ilə yaradılmış canlı əlaqə vasitəsilə aydınlaşdıraraq müvafiq tapşırıqlar verib. Qaldırılan bəzi məsələlər yerindəcə həll edilib, bəziləri isə araşdırılması üçün qeydiyyata alınıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan bəzi müraciətlər isə aidiyyəti üzrə baxılması üçün müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.

Görüşdən sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin Dövlət Radiotezliklər İdarəsinin Gəncə bölgəsi üzrə yeni inzibati binasının açılışında iştirak edib.

Burada yaradılan şəraitlə yaxından tanış olan nazirə məlumat verilib ki, Dövlət Radiotezliklər İdarəsinin əsas funksiyalarından biri quraşdırılmış ən müasir cihazların köməyi ilə radiomonitorinq ölçü- nəzarət işlərinin həyata keçirilməsini təmin etməkdir. Bunlara da əsasən radiotelefonlara nəzarətin təşkili, televiziya və radio proqramlarının yayım vəziyyətinin yoxlanılması, radiotezlik istifadəçilərinə məxsus radioelektron vasitələrinin maneəsiz işləməsinin təmin edilməsi məqsədilə monitorinq aparılması daxildir.

Bundan əlavə, Azərbaycan Respublikası ərazisində radioelektron vasitələrinin istifadəsinin planlaşdırılması, bu vasitələr üçün tezliklərin və şəbəkə üçün çağırış siqnallarının təyin edilməsi və qeydiyyata alınması da idarənin funksiyasına daxildir.

Sonda Dövlət Radiotezliklər İdarəsinin fəaliyyəti və bu sahədə qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib.