Ramil Usubov AŞPA məruzəçisi qəbul edib

6

 

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Reps ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri barədə məlumat vermişdir.
Nazir son illərdə Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında respublikamızda Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamlarından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi Tədbirlər Planı hazırlanaraq icraya yönəldilmişdir.
Əməkdaşların peşəkarlığının, dünya görüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Son 4 ildə ölkəmizdə və xarici dövlətlərdə yalnız insan hüquqları üzrə keçirilən seminar-treninqlərdə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak etmişdir.
Bildirilmişdir ki, vətəndaşların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış 102 xidməti, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədi ilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.
Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədi ilə ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında “Cəmiyyət dəstəkli polis” layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulamışdır.
Qonağın nəzərinə çatdırılmışdır ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və cari ilin 9 ayı ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1482 əməkdaş cəzalandırılmış, o cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 109 nəfər tutduğu vəzifədən azad olunmuş, 20 nəfər isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Görülən bu və digər məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalmışdır.
Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər-rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunmuş, 51 MSY-də isə əsaslı təmir işləri aparılmışdır.
Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin gücləndirilməsi yönümündə də zəruri işlər görüldüyünü bildirmişdir.
Xanım Maylis Reps ətraflı məlumata və görülmüş işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu vurğulamışdır.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuş, daxili işlər naziri məruzəçini maraqlandıran sualları ətraflı cavablandırmışdır.