Nazir Maliyyə Sabitliyi Şurasını topladı

Maliyyə Sabitliyi Şurasının bu ilin ilk 9 ayının yekunlarına həsr edilmiş iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Məlumata görə, iclasa ölkənin baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.

Müzakirələr zamanı qeyd edilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1% artıb. Qeyri-neft sənayesində 10,8%, kənd təsərrüfatında 4,3%, informasiya və rabitə xidmətlərində 7,7%, ticarətdə 2,7%-lik artıma nail olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10,1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2%, qeyri-neft sənayesi üzrə isə 24,4% artıb. Əhalinin gəlirləri 9,5% artmaqla inflyasiyanı 6,9% üstələyib.

2018-ci ilin 9 ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5,1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil edib. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.

Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin 9 ayında valyuta bazarında tarazlıq qorunub, milli valyutanın məzənnəsi sabit olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6% və ya 3,2 mlrd. ABŞ dollar artaraq 45 mlrd. ABŞ dolları ötüb.
2018-ci ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 101,3%, xərcləri isə 98% icra olunub. Dövlət büdcəsinin 423,7 mln. manat məbləğində artıqlığı (profisit) yaranıb. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayıb.

2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları (“Yeni Büdcə Qaydaları”, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilib. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilib.

Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin 9 ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6% təşkil edib.
Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, 2018-ci ilin 9 ayında manatla geniş pul kütləsi 8,3% artıb.

Bank sektoru tərəfindən 9 ayda iqtisadiyyata kredit qoyuluşları 4,6%, fiziki şəxslərin depozitləri 8,4% artıb.

Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, Maliyyə Sabitliyi Şurası ölkə prezidentinin 15 iyul 2016-cı il tarixli fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılıb.

 

Orxan