Nazir rəislərə tapşırıq verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
XALQ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, qəbulda Şəki də daxil olmaqla Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərindən, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 21 nəfər iştirak edib.
Vətəndaşları dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb, polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.
Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun Azərbaycanın sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu hər zaman dəstəkləyəcəklərini vurğulayıblar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.