Nazir vətəndaşlarla görüşdü

Nazir-2

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qax rayonunda Qax, Zaqatala, Balakən, Şəki və Oğuzdan olan vətəndaşlarla görüşüb.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə vətəndaşları maraqlandıran məsələlərlə bağlı şikayət və müraciətlər dinlənilib.

Qəbul zamanı zəruri məqamlarda ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə də telekörpü yaradılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, məsələlərin bəziləri yerində həllini tapıb. İşlə əlaqədar müraciət edənlərin əksəriyyətinin işlə təmin olunmasına göstəriş verilib.

Qəbuldan sonra nazir Ə.Abbasov jurnalistlərə bildirib ki, müraciətlərin əksəriyyətini işlə təminat və ucqar kəndlərdə rabitə ilə bağlı mövcud problemlər təşkil edib. Nazir artıq ən ucqar kəndlərdə də insanların internet xidmətlərindən yararlanmaq istəməsini sevindirici hal kimi qiymətləndirib və əhalinin genişzolaqlı internetlə təmin olunması üçün hazırda intensiv işlərin görüldüyünü qeyd edib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.