Nazirdən koronavirusa görə zərər çəkən sahibkarlara müjdə

Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir.

XALQ.AZ xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

M.Cabbarov qeyd edib ki, işçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək:

“Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər”.