Nazirlik Biləsuvar və Neftçalada müşavirə keçirib

Aprelin 17-də Biləsuvardakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda pambıqçılığın inkişafı ilə bağlı görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.

XALQ,AZ xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, nazirliyin yerli strukturlarının, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri və mülkiyyətçilər iştirak ediblər.

Müşavirədə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, Biləsuvarda kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz müsbət nəticələrini verir, rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.

Mahir Quliyev qeyd edib ki, ötən il rayonda 11 min 351 hektar sahədə pambıq əkilib və 24 min 762 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq 21,8 sentnerə çatıb.

Bu il isə rayonda 12 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub və hazırda mülkiyyətçilərlə pambıq zavodları arasında müqavilələrin bağlanması yekunlaşmaq üzrədir.

Sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edərək bildirib ki, fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb. Elmi müəssisələrdə yetişdirilən elit, super elit və orijinal toxumlar dövlət tərəfindən dotasiya olunur. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq 40 manat subsidiya verilir.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Texnika və gübrə ilə təminatın vəziyyəti”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəşəm Əhmədov “Pestisidlərlə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev “Pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi” barədə məruzələrlə çıxış ediblər.

Nazirlik günün ikinci yarısında Neçtçala rayonunda da pambıqçılığın inkişafı ilə bağlı görüləcək işlərə həsr olunmuş müşavirə keçirib.

Elgün