Nazirlik gücləndirilmiş iş rejiminə keçdi

Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində çalışır.

XALQ.AZ xəbər verir ki, bu sözləri nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeyd edib.

“Sığınacağa ehtiyacı olan 18 yaşdan yuxarı şəxslərin sosial sığınacağa və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.

Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar. Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxs, qalanları yetkinlik yaşına çatmayanlardır.

Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur”, – Fazil Talıbov bildirib.

Qeyd edək ki, sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsi və ya Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.