Nazirlik Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə idman yarışlarına başladı

 

45

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq idman yarışlarına (mini-futbol və şahmat turnirləri) başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xalq.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən nazir Səlim Müslümov vurğulayıb ki, bu gün Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır. Təbii ki, bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu strategiyası dayanır: “Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı dövrdən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar əsasında məharətlə inkişaf və davam etdirir. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb”.

S. Müslümov bildirib ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.

Daha sonra S. Müslümov ulu öndər Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu gün Azərbaycanda idmanın surətli inkişafı istiqamətində Prezident İlham Əliyevin reallaşdırdığı tədbirlərdən bəhs edib.

Nazir ƏƏSMN-də Ümummilli liderin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb: “Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir”. S. Müslümov turnirlərin iştirakçılarına mübarizə əzmi və qələbə sevincləri arzulayıb.

Xatırladaq ki, mini-futbol turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcək.