“Neft-qaz sahəsinə 95 milyard dollar sərmayə yatırılıb”-Pərviz Şahbazov

Moskvada “Rusiya energetika həftəsi” beynəlxalq forumu açılıb. Forumun gedişində Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir.

 

XALQ.AZ xəbər verir ki, nazirlərin iştirak etdiyi “Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda təşkil olunan sessiyada çıxış edən P.Şahbazov Azərbaycanın son illər dinamik inkişaf etdiyini, 15 il ərzində ölkə iqtisadiyyatının 3,5 dəfədən çox artdığını bildirib. Ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulub. Bunların yarısı birbaşa xarici investisiyalardır, 95 milyard dollar neft-qaz sahəsinə sərmayə yatırılıb.

Nazir deyib: “Biz enerji ehtiyatlarımızın çatdırılma marşrutunu ciddi şaxələndirmişik. Bizim bu sahədə sonuncu nailiyyətimiz dünyada ən iri qaz layihələrindən biri, 3500 kilometr uzunluğunda “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu boru kəməri vasitəsilə biz artıq qonşularımız Gürcüstan və Türkiyəyə qaz çatdırırıq, daha sonra Avropaya nəql edəcəyik. İlkin mərhələdə 16 milyard kubmetr qaz tədarük ediləcək”.

Ölkədə bərpaolunan enerji mənbələrindən danışan nazir qeyd edib ki, 2030-cu ilədək Azərbaycanda bərpaolunan mənbələrin ümumi həcmi 30 faizə çatacaq. “Bundan ötrü güclü potensial mövcuddur. Biz təşviqetmə mexanizmlərinə cavab verən ciddi qanunvericilik bazası yaratmaq istəyirik. Bərpaolunan mənbələr hesabına generasiya etməyi nəzərdə tutduğumuz zəruri elektrik enerjisini qəbul etməyə imkan olması üçün ötürmə xətlərinin optimallaşdırılması üzrə iş aparırıq”, – deyə P.Şahbazov bildirib. O, görüş iştirakçılarını yeni layihələrin birgə icrası üçün Azərbaycana dəvət edib.

Qeyd edək ki, “Energetika həftəsi” Moskvada oktyabrın 3-dən 6-dək keçirilir. Builki forumda bu sahənin 10 mindən çox nümayəndəsi iştirak edir.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.