Neftçilər günü təntənəli mərasimlə qeyd edilib

 

06

Sentyabrın 20-də Neftçilər günü ilə əlaqədar tədbirlər çərçivəsində “Gülüstan” sarayında təntənəli mərasim keçirilmişdir.

Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak etmişlər.
AzərTAc xəbər verir ki, mərasim iştirakçılarını əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəfəsli alətlər orkestri öz ifası ilə qarşılamışdır.
Sonra təntənəli mərasim keçirilmişdir.
Neftçilər günü münasibətilə iştirakçıları təbrik edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladığını, bu siyasət nəticəsində Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalandığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu strategiya Azərbaycanın həyatında olduqca əhəmiyyətli rol oynamaqdadır.
Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin neft-qaz sənayesi sürətli inkişaf yolu keçmiş, respublikamız dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanmış və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.
Fərqlənən neftçilərə Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunduğunu, fəxri adların və fərdi təqaüdlərin verildiyini diqqətə çatdıran ARDNŞ-in prezidenti dövlətimizin başçısına neftçilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Tədbirdə “Ən yaxşı …” nominasiyasında fərqlənən neftçilərə mükafatlar təqdim edilmişdir.
Sonra vurğulanmışdır ki, ARDNŞ-in Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycan Respublikasında fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədilə 2013-cü ildə müsabiqə elan etmişdir.
Müsabiqəyə 66 layihə təqdim olunmuşdur. Layihələr AMEA-nın və ARDNŞ-in aparıcı alim və mütəxəssislərindən təşkil edilmiş komissiya tərəfindən ekspertizadan keçirilmişdir. Müsabiqə Komissiyasının və ekspertlərin rəylərinə əsasən ARDNŞ-in Elm Fondunun idarə heyəti 2013-cü il 12 sentyabr tarixli qərarı ilə 36 layihəni qalib elan etmişdir.
AMEA-nın prezidenti Akif Əlizadə çıxış edərək neftçiləri peşə bayramları münasibətilə təbrik etmiş, keçirilən müsabiqənin əhəmiyyətini vurğulamışdır.
Daha sonra ARDNŞ-in Elm Fondunun elan etdiyi müsabiqənin qaliblərinə sertifikatlar təqdim olunmuşdur.
Təntənəli mərasim bədii hissə ilə davam etdirilmişdir.