Niyazi Bayramov ‘Vəkillər Kollegiyasının Fəxri vəkili’ oldu

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamının qəbulundan sonra ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının qurulması istiqamətində Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.

Qeyd olunan tədbirlərin davamı olaraq mətbuatdan da məlum olduğu kimi bu günlərdə Respublikanın qərb regionunda fəaliyyət göstərən vəkillər üçün “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilməkdədir. 80-dək vəkilin, habelə regionun məhkəmə hakimiyyəti nümayəndələrinin də qatıldığı seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunmuşdur. Seminarda Gəncə, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Mingəçevir, Ağstafa və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Həmçinin səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da ikitərəfli görüşü baş tutumuşdur. Görüşdə Kollegiyanın sədri Anar Bağırov tərəfindən respublikamızda vəkillik institutunun müasirləşdirilməsi üzrə görülən tədbirlər, Gəncə şəhərində vəkilliyin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, habelə yerli vəkillərinin Gəncə şəhərinin sakinlərinə yüksək keyfiyyətli hüquqi yardım göstərməyə hazır olmaları barədə məlumat verilmişdir.

Eyni zamanda, görüş çərçivəsində yeni başçının öz peşə həyatına 1980-ci ildə məhz vəkil kimi başlamasını, 1986-ci ildə dövlət qulluğuna keçdiyi dövrədək qüsursuz fəaliyyətini nəzərə alaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Niyazi Bayramovun “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası icra hakimiyyətinin başçısına təntənəli surətdə təqdim olunmuş, Niyazi Bayramova yeni məsul vəzifəsində uğurlar arzu edilmişdir.

 

Orxan