Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyalar – SİYAHI

Bu gün Milli Məclisdə parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə müzakirə aparılır. Yeni Azərbaycan Partiyasının müraciəti ilə gündəmə gələn bu məsələ Milli Məclisə təqdim edilib və bu gün partiyanı təmsil edən deputatların müraciətinə cavab veriləcək.

Növbədənkənar seçkilərin keçirilməsi barədə müraciət cəmiyyətdə müzakirələrə səbəb olub. Hətta indidən namizəd olacağını bildirən şəxslərin sayı da az deyil.

Seçkilərə qatılıb-qatılmamaqla bağlı fikirləri öyrənmək üçün siyasi partiyalarla əlaqə saxlanılıb.

Müsavat Partiyasının sədri Arif Hacılı açıqlamasında qeyd edib ki, partiya bu məsələni müzakirə etmək üçün genişləndirilmiş müşavirə, növbədənkənar Divan iclası keçirib:

“Biz “əvvəl islahat, sonra seçki” tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təklifləri paketimiz ictimaiyyətə təqdim olunub. Seçkilərdə iştirakımız islahatlar paketinin qəbul olunması ilə bağlı olacaq. Mövcud parlamentin əvəzinə buna oxşar Milli Məclis deyil, mövcud qanunvericiliyi həyata keçirə bilən parlamentin formalaşması üçün islahatlar tələb edirik. Bu halda seçkiyə qatıla bilərik”.

ReAl Partiyasının icra katibi Natiq Cəfərli xatırladıb ki, partiya əvvəlcədən parlament seçkilərində iştirak edəcəyini bildirib:

 
“İşimizi elə qurmuşduq ki, növbədənkənar seçki də olsa, prosesə hazır olaq. Ona görə, namizədlərin, müşahidəçilərin müəyyənləşdirilməsinə çoxdan start verilib. Hazırda 80-90 arası partiya üzvü namizəd siyahısındadır. Amma başqa formatlar da ola bilər. Müxtəlif şəxslərə, siyasi partiyalara, seçkidə iştirak etmək istəyən tanınmış insanlara da müraciətlərimiz olub. Bundan sonra seçkilərdə birgə fəaliyyət göstərmək üçün səylərimizi birləşdirmək haqqında müraciətlərimiz olacaq”.

Milli Şura isə indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməsini və ölkədə şəffaf seçki mühiti yaradılmasını tələb edir.

Bu barədə Milli Şuranın dekabrın 1-də yaydığı bəyanatda bildirilib:

 “Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi. İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun”.

 Milli Şura seçki komissiyalarının yenidən formalaşmasını, namizədlərin qeydiyyatına yaradılan süni əngəllərin aradan qaldırılmasını, bərabər təbliğat imkanlarının, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanlarının bərpa edilməsini də vacib sayır.

AĞ Partiyanın sədri Tural Abbaslı isə parlamentin buraxılması, növbədənkənar seçkilərin vaxtı dəqiqləşənə qədər ciddi qərar səsləndirmək istəmədiyini qeyd edib:

“Hakimiyyətin atacağı addımları gözləyirik. Partiya olaraq, seçkilərin boykot taktikasının əleyhinəyik. Çünki bu heç bir effekt vermir. Ona görə, biz də seçkilərdə iştirakın tərəfdarıyıq. Amma dediyim kimi, hazırkı situasiya ilə bağlı konkret qərarımız yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirakla bağlı partiyanın dəqiq qərarının olmadığını bildirib:

“Hələlik heç nə deyə bilmərəm. Qərar yekunlaşsın, dəqiqləşsin, buna baxacağıq. Bəlkə də seçkilərin keçirilməsi məsələsində də dəyişiklik olacaq. Bunlara proseslərin yekununda baxarıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da seçkini boykot etməyəcəklərini qeyd edib:

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi təsdiqlənərsə, seçki günü müəyyənləşərsə, təbii ki, mövqeyimizi ortaya qoyacağıq. Ümumiyyətlə, partiya heç vaxt seçkilərdən kənar qalmayıb. Təcrübə göstərib ki, boykot qərarı səmərə vermir. Ona görə, belə addım atmağımız yanlış olar”.