Növbəti iclas başladı…

Yanvarın 25-də Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclası işə başlayıb.

XALQ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov iclası açaraq danışıqlar prosesi çərçivəsində Konvensiya layihəsi müddəalarının razılaşdırılması, eləcə də Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığı üzrə mühüm işlərin görüldüyünü deyib. Bildirib ki, Konvensiya layihəsinin bütövlüklə razılaşdırılması növbəti Zirvə toplantısında hüquqi statusun qəbul edilməsinə imkan yaradacaq və bu da Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi mexanizmi təşkil edəcək. Bu məqsədlə, Konvensiya layihəsinin Xəzəryanı dövlətlərin Xəzər dənizindən digər dənizlərə və dünya okeanına azad çıxış hüququ, hərbi gəmilərin digər tərəflərin milli suverenliyi altında olan ərazi sularından keçid hüququ, eləcə də kabellərin və boru kəmərlərinin çəkilməsi, çıxış xətlərinin qurulması metodikası və Xəzər dənizinin dibinin və təkinin bölünməsi ilə bağlı əsas müddəalarının tezliklə razılaşdırılması üçün səylərin birləşdirilməsi zəruridir. “Biz Xəzərin orta və cənub hissələrində dəniz dibinin bölünməsi məsələlərinin tezliklə həll edilməsində maraqlıyıq və Xəzər dənizinin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı sazişlərə xüsusi önəm veririk”, – deyə X.Xələfov qeyd edib. Nazir müavini ümid etdiyini bildirib ki, xüsusi işçi qrupun hazırkı iclasının gedişində müzakirə ediləcək bütün məsələlər danışıqlar prosesi çərçivəsində, qəbul olunmuş beynəlxalq təcrübə əsasında və beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq, Xəzəryanı ölkələrin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda, eləcə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti məsələlərində tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll ediləcək.

X.Xələfov qeyd edib ki, Xəzər dənizi iqtisadi inkişafa, Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanması Xəzəryanı dövlətlərin müxtəlif sahələr üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş daha səmərəli tədbirlərin görülməsinə xidmət edəcək.

Diqqətə çatdırılıb ki, Bakıda, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının altıncı Tərəflər Konfransının keçirilməsi nəzərdə tutulur. “Biz Xəzərin ekoloji problemlərinin həll olunması üçün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində maraqlıyıq və Çərçivə Konvensiyasının Katibliyinin müstəqil fəaliyyəti ilə bağlı tərəflərin razılığının əldə olunmasının zəruriliyini qeyd edirik”, – deyə nazir müavini vurğulayıb. Bildirilib ki, Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında 2014-cü il 29 sentyabr tarixli Saziş artıq qüvvəyə minib və həmin Sazişin məqsədlərinə nail olmaq üçün təsis edilən Komissiyanın birinci iclasının Azərbaycan Respublikasının sədrliyi ilə Bakı şəhərində keçirilməsi üçün işlər görülməkdədir.

Qeyd edilib ki, 2002-ci ildən etibarən Xəzəryanı ölkələrin dövlət başçılarının dörd zirvə toplantısı Aşqabad, Tehran, Bakı və Həştərxanda baş tutub. Bakı və Həştərxan zirvə toplantılarında ölkə rəhbərləri sahilyanı dövlətlərin suverenliyi altında olan su məkanlarına daxil olan milli zonanın eni, həmçinin dövlətlərin Xəzərdəki əməkdaşlığının prinsipləri üzrə əhəmiyyətli razılaşmalar əldə ediblər. Dövlət başçıları və xarici işlər nazirləri səviyyəsindəki görüşlər səylərin birləşdirilməsi, mövqelərin daha da yaxınlaşması və mühüm nəticələrin əldə olunması üçün əlverişli imkan yaradıb.