Novruz Aslanov xüsusi müşavirə keçirdi-Əhaliyə yardım edilir

NOVRUZZZ

Bu gün səhər saatlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millıət vəkili Novruz Aslanovun başçılığı ilə növbəti (ilk müşavirə sentyabrın 27-də keçirilmişdir) geniş tərkibli müşavirə keçirilib. 

AzQAC-dən XALQ.AZ-a bildirilib ki, müşavirədə cəbhə bölgəsində Cenevrə Konvensiyalarının müvafiq maddələrinin tələblərinin Erməni silahlı birləşmələri tərəfindən kobud şəkildə pozularaq mülki şəxslərə qarşı törətdikləri qanunsuzluqlar müzakirə olunub. Bu qanunsuzluqlar bərədə Novruz Aslanov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müvafiq məlumatların verildiyini bildirib.

AzQAC Cenevrə konvensiyalarına, Seviliya razılşmasına, öz missiyasına və beynəlxalq humanitar hüquqa əsaslanaraq, özünün fundamental prinsiplərinə uyğun olaraq, zərurət yarandığı halda humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər edib.

Müşavirədə bildirilib ki, AzQAC-ın Tərtər rayon bölməsinin əməkdaşları və xüsusi təlim keçmiş Fövqəladə Mobil Könüllü dəstələri cəbhəyanı kəndlərdə mülki şəxslərin təxliyə edilməsinə köməklik göstərmişlər. Eyni zamanda AzQAC-ın mobil könüllü dəstə üzvlərindən ibarət 15 nəfər  könüllüsü  qan vermiş, Goranboy RB -nin 12 könüllüsü yaralılara köməklik etmiş, Cəbrayıl rayonu Cocuq Mərcanlıda təxliyə olunan 50 nəfər kənd sakininə qida və su yardımları edilmişdir. Bu tədbirlərdə AzQAC-ın nəqliyyat vasitələrindən istifadə olunur. 

Məlumat üçün bildirək ki, nəqliyyat vasitələri “Qızıl Aypara” emblemləri daşıyır və Cenevrə konvensiyasına, eyni zamanda “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən münaqişə bölgələrində bu emblemlərin müdafiəsi üçün tərəflər məsuliyyət daşıyırlar.

Əlavə olaraq bildirək ki, AzQAC-ın cəbhəyanı rayonlarında  Bərdə, Ağdam, Tərtər, Fizuli və Cəbrayıl RB-nin əməkdaşları və könüllüləri zəruri humanitar yardımların edilməsi üçün  gücləndirilmiş iş rejimində çalışırlar.

Novruz Aslanov mövcud vəziyyətdə mobil könüllü dəstələrin humanitar sahədə mülki əhaliyə göstərdikləri köməkliyin təqdirəlayiq hal olduğunu vurğulamışdır. 

Müşavirədə zərurət yarandığı halda qanvermə aksiyalarının keçirilməsi məsələsi də nəzərdən keçirilmişdir.