O qüvvələr xaos yaratmağa çalışır – Naqif Həmzəyev

naqif hamzayev2

Azərbaycan Avropa Şurasının tövsiyələrini qiymətləndirir, həmişə hər iki tərəfin maraqları mövqeyindən çıxış etməyə çalışır. Buna baxmayaraq, bəzən fikirlərimizin üst-üstə düşmədiyi hallar da olur.

XALQ.AZ xəbər verir ki, bunu Naqif Həmzəyev yanvarın 28-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində AŞPA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələrinin Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələrində çıxışı zamanı bildirib.

N.Həmzəyev Azərbaycanda siyasi məhbuslarla bağlı verilmiş məlumatın yanlış olduğunu deyib.

O qeyd edib ki, ölkəmizə qarşı haqsız və əsassız münasibət görmək onu çox məyus edir. Naqif Həmzəyev Azərbaycanda bütün sahələrdə islahatların aparıldığını, xüsusən ədliyyə sisteminin elektronlaşdırılmasını, Avropa hüquq sisteminin əsas prinsiplərini əks etdirən qanunvericilik bazasının mövcudluğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin mart ayında imzaladığı əfv fərmanı ilə 431 nəfərin əfv olunmasını, onların arasında 399 nəfərin həbs cəzasının çəkilməmiş hissəsindən azad edildiyini qeyd edib.

N.Həmzəyev daha sonra Ermənistanın, xüsusilə keçmiş prezident Serj Sərkisyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı törədilən terror aktından danışıb:

“Məhz bu terror aktı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarını ziyarət edə bilmir. Dövlətimizin rifahına olan fiziki və mənəvi ziyandan danışmamaqla, antiazərbaycançı qüvvələr yenə də ölkəmizin nüfuzuna xələl gətirməyə və Avropa Şurası ilə münasibətlərimizdə xaos yaratmağa çalışırlar. Uzun illərdir antiazərbaycan qüvvələrin birgə səyləri nəticəsində Azərbaycan siyasi məhbus məsələsində qərəzli münasibət və ayrı-seçkiliyə məruz qalıb. İnanırıq ki, qarşılıqlı anlaşma və hörmət prinsiplərinə əsaslanan siyasət yürütmək üçün əlverişli, obyektiv şərait yaradılacaq”.