Oğuzlu qadınların seçimi İlham Əliyevdir

XALQ,AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsi 11 aprel seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam etdirir. YAP Oğuz rayon şöbəsi növbəti görüşü qadın seçiciləri ilə keçirib.

YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Saleh Məhərrəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli, sürətli inkişaf tempi əldə edib. Ölkə daxilində bütün sahələr üzrə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb.

YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon təbliğat-təşviqat qrupunun üzvləri İradə Məmmədova, Cuma Cumayev çıxış edərək vurğulayıblar ki, prezident seçkilərinə sabitlik şəraitində gedir və qazanılan bütün uğurlar xalqın alternativsiz namizədi olan Cənab İlham Əliyevin növbəti möhtəşəm və parlaq qələbəsini təmin edəcək mühüm faktorlardan biri olacaq.

YAP Oğuz rayon təşkilatının qadınlar şurasının sədri Mariya Həsrətova Cənab İlham Əliyevin siyasi fəaliyyətindən ətraflı bəhs edib. Oğuz qadınları adından çıxış edən İlhamə Abdullayeva, Arizə Xudiyeva, Təranə Zəkəriyyəyeva, Mehriban Abbasova qadınların Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında rolundan danışıb, əminliklə bildiriblər ki, Oğuz seçiciləri yekdilliklə 11 aprel seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Daha sonra görüşdə çıxış edən Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün Oğuz seçicilərini «İlhamla irəli» səsləyərək, 11 aprel Prezident seçkilərində YAP namizədi Cənab İlham Əliyevə səs verməyə çağırış edib.

 

Elgün