Ölkəmizin getdikcə artan nüfuzu ermənipərəst qüvvələri narahat edir

Son günlər Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən qarayaxma kampaniyası aparılır. Bu şər-böhtan, hədyan çağırışlarının arxasında ölkəmizdəki “5-ci kolon”un ermənipərəst qüvvələri və Qərbdəki iaşə müxalifətinin antiazərbaycan mərkəzlərinin üzvləri dayanırlar. Onlar Prezident İlham Əliyevin Brüssel səfərinin əhəmiyyətini azaltmağa can atır, ölkəmizin nüfuzuna xələl gətirmək məqsədilə Azərbaycan əleyhinə hər cür iftira atmaqdan, yalan deməkdən belə çəkinmirlər.

Ancaq onlar bütün bu pozuculuq səylərinin nəticəsiz qalacağını bilməmiş deyillər. Sadəcə, ağalarından aldıqları qəpik-quruş xatirinə iyrənc əməllərindən çəkinə bilmirlər. Onlar yaxşı anlayırlar ki, Avropa İttifaqı (Aİ) Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, respublikamızla strateji əməkdaşlığa xüsusi önəm verir. Fikrimin təsdiqi olaraq təkcə bir faktı xatırlatmaq istərdim. Aİ bu quruma üzvü olan doqquz ölkə ilə birlikdə ölkəmizin təşəbbüsü, habelə fəal iştirakı ilə reallaşdırılan enerji, nəqliyyat layihələrinə həssas münasibət bəsləyir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu ermənipərəst qüvvələri ciddi narahat edir. Respublikamızın siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurları gözü götürməyən həmin qüvvələr, hətta mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı da idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.
Qeyd edim ki, xalqımız xarici antiazərbaycan dairələrin belə əməllərinin, ölkəmizə qarşı bu cür qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Yəqin ki, hamımız mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə Avroviziya, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində ölkəmizə qarşı təşkil olunmuş qərəzli qarayaxma kampaniyasını yaxşı xatırlayırıq. Təbii ki, o vaxtlar olduğu kimi, indi də qarayaxma kampaniyası heç bir nəticə verməyəcək. Çünki səsləndirilən iddiaların heç bir əsası yoxdur. Azərbaycanda xalq–iqtidar birliyi var, ölkədə dinclik, əmin-amanlıq hökm sürür. Sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur.
Bəli, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun böyük idman bayramına çevriləcəyi şübhəsizdir. Azərbaycan əvvəlki dövrdə də sübut edib ki, istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir.
Bir sözlə, bütün bu cəhdlər, qarayaxmalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Növbəti mühüm tədbir ərəfəsində heç bir əsası olmayan iddiaların irəli sürülməsi də bu məkrli niyyətdən irəli gəlir, Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.