Ölkə rəhbərləri görüşəcək

Prezident İlham Əliyevin Türkiyəyə budəfəki səfərində ikitərəfli əlaqələrin bütün sahələrinə toxunulacaq və bir sıra məsələlər öz həllini tapacaq.

XALQ.AZ xəbər verir ki, bu sözləri  Prezident İlham Əliyevin Türkiyəyə gözlənilən səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Bakını maraqlandıran əsas məsələ Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlıqdır:

“Yəni Bakı Ankara ilə hərbi-siyasi əlaqələri uzun müddətdir ki, inkişaf etdirir və bu proses yeni mərhələyə daxil olmalıdır. Söhbət birgə hərbi zavodların tikilməsi, hərbi məhsulların istifadə edilməsi və beynəlxalq aləmdə birgə siyasi əməkdaşlıqdan gedir. Bakı siyasi əməkdaşlıq sahəsində Ankaraya çox güvənir. Çünki Azərbaycan bu sahədə hər zaman Türkiyədən dəstək alıb. Əlbəttə, Rusiya-Türkiyə əlaqələri son vaxtlar yüksək inkişaf səviyyəsinə çatıb. Türkiyənin Rusiya ilə əlaqələrinin böyük əhəmiyyəti var. Rusiya-Türkiyə əlaqələri Dağlıq Qarabağ məsələsinin həlli baxımından da az önəm daşımır. Belə ki, Azərbaycan bu əlaqələrdən Rusiyanın Qarabağ məsələsində ədalətli rol oynaması baxımından yararlana bilər. Bu, elə də çətin bir məsələ deyil. Azərbaycan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Türkiyə isə Rusiyadan problemin həllinə məhz beynəlxalq hüquq normaları kontekstindən yanaşmasını xahiş edə bilər”.

Politoloq bildirib ki, Rusiyanın bu məsələdə çox bərkimiş və bir növ ənənəyə çevrilmiş siyasi mövqeyi var:

“Ermənilərlə sıx əməkdaşlıq və burada rus bazalarının yerləşdirilməsi, Ermənistanın az qala Rusiyanın bir quberniyasına çevrilməsi və Moskvanın İrəvandan istifadə edərək Cənubi Qafqazdakı mövqelərini daim qoruyub saxlaması ciddi məsələlərdir. Bu məsələlərdə Rusiya beynəlxalq hüquq normalarını tapdalamağı bacarır. Hər halda, Türkiyə tərəfi hər zaman Qarabağ məsələsində Azərbaycanın yanında olacağını bildirir. Nəinki bu məsələdə, eyni zamanda, Rusiya ilə olan məsələlərdə də Ankara Moskvaya ciddi təsirlər göstərə bilər. Güman edirəm ki, bununla bağlı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Türkiyədə ciddi müzakirələr olacaq və bu müzakirələr nəticəsində də Türkiyənin bir mövqeyini formalaşdırmaq mümkün olacaq”.

Q.Hüseynlinin sözlərinə görə, Türkiyə Rusiya ilə birlikdə Suriya bölgəsində necə birgə hərəkət edibsə, Qarabağ məsələsində də ortaq mövqedən çıxış edə bilər:

“Doğrudur, Rusiyanın mövqeyini dəyişdirmək çox da asan məsələ deyil. Ancaq mümkünsüz də deyil. İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyinin Türkiyə rəhbərliyi tərəfindən qəbul ediləcəyinə ümidlər böyükdür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu günlərdə Türkiyəyə səfəri gözlənilir.

 

Elgün