Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları

Buza bələnmiş baxışlar

O, artıq bezmişdi: üz tutduğu “baryer”qapılar arxasında vaxt keçirməkdən, günlərlə ora-bura ayaq döyməkdən, gördüyü qeyri-səmimi münasibətlərdən, ultimatumsayağı deyilən “get, o sənədi-bu sənədi gətir”sözlərindən, lüzumsuz-lazımsız get-gəllərdən…
Körpəsi ilə bir damın altında köməksiz yaşayan ananın bu “get-gəllər”in ucbatından yardıma əli çatmırdı. Lakin, durumu ağır olsa da, acılardan didinib-darılsa da, təknəsinin bir tikə quru çörəyi ilə dolanıb, biganəlik buzuna bələnmiş baxışları bir də görməmək üçün dözürdü…
Bir gün rastlaşdım onunla, vəziyyətini soruşdum, heç bir qapı döymədən, tələb olunan məlumatları kompüterə daxil etməklə artıq sosial yardım adığını bildirdi.
Bu da elektron “təmas”la indi bu sahədə çoxumuza ibtidai görünən canlı ünsiyyətin ən böyük fərqi…
Respublikamızın, demək olar ki, bütün sahələrinə tətbiq edilən elektron xidmətlər korrupsiyanın, süründürməçiliyin, məmur özbaşınalığının, rüşvətxorluğun, mənəm-mənəmliyin qarşısını almaqda əhəmiyyətli rola malikdir. Çünki bu xidmətlər fəaliyyət göstərməzdən əvvəl insanlarımız daha çox incidilir, haqq-hüquqları tapdanırdı.

Aparılan kadr islahatları ölkəmizin gələcəyi üçün yaradılan etibarlı təməldir

Bu gün sürətlə inkişaf edən texnoloji proseslər, demək olar, həyatımızın bütün sahələrinə sirayət edərək, öz şəffaflığını göstərməkdədir: vətəndaş-məmur qarşıdurmasına, süründürməçiliyə, demək olar ki, son qoyulur, insan faktoru, münasibət mülayimliyi önə keçir və s. Çünki biz dünyanı dəyişdirə biləcək müasir texnologiyaların və innovasiyaların, xüsusilə də informasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Bu baxımdan ölkəmiz informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanaraq iqtisadi-sosial sahələrdə uğurlar əldə edir.
Hələ təkcə onu qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hazırladığı və 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirən “e-sosial” internet portalından (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri və s. üzrə) vətəndaşlar həm şəffaf şəraitdə, həm də çevik rejimdə yararlanmaq imkanı qazanıblar.
Sosial xidmətlər sahəsində həyata keçirilən innovativ tədbirlərdən biri də ƏƏSMN-nin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və ilk DOST mərkəzinin istifadəyə verilməsidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və ölkə başçısı, cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə həyata keçirilən bu layihə dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir.
Məlumat üçün onu da bildirək ki, 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılıb.
Bu gün minlərlə, milyonlarla vətəndaşımıza yüksək və keyfiyyətli səviyyədə müxtəlif xidmətlər göstərən mərkəzlərdən biri də “ASAN xidmət”dir. Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən və qısa zaman kəsiyində vətəndaş-məmur münasibətlərinə yenilik gətirən, insanların inamını, güvənini qazanan bu mərkəzlər özünün çoxsaylı fəaliyyət növləri ilə əhaliyə keyfiyyətli, şəffaf, heç bir süründürməçilik olmadan xidmət göstərir (xatırladaq ki, “ASAN xidmət” mərkəzləri prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı kadr və struktur islahatları ölkəmizdə, həmçinin Azərbaycanın hüdudlarından kənarda maraqla qarşılanır və müsbət addım olaraq dəyərləndirilir. Bu mənada ölkə başçısı apardığı islahatlar vasitəsilə gənclərimizin önə çıxmasına, cavan kadrların potensialını heç bir maneə olmadan ortaya qoymasına imkan və şərait yaradır. Bu isə ölkəmizin gələcəyi üçün yaradılan etibarlı təməldir.
Prezidentimizin, xüsusilə gənc kadrlara yol açması, onlara üstünlük verməsi ölkəmizin gələcəyinin etibarlı əllərdə olmasının bir daha sübutudur. Çünki müasir texnikaya, texnologiyaya daha yaxından bələd olan, onların “dili”ni mükəmməl bilən gənclərimizin bilik və bacarığından, istedadından yararlanmaqla ölkəmizi ictimai-siyasi, sosial-iqtisadi baxımdan dünya miqyasında daha geniş və layiqli şəkildə tanıtmaq mümkündür.

Image result for azay

SƏLİS Elektron Hökumət Portalına inteqrasiya olunarsa…

Bu yaxınlarda Bakıda keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin (SƏLİS) təqdimatı zamanı bir daha təsdiq olundu ki, sözügedən innovativ tətbiq vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vurğuladı ki, SƏLİS-in yaradılmasında məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun olaraq təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri aradan qaldırmaq, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdir.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, eləcə də dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamlara əsasən QHT məmnunluğunu təmin etmək üçün 2019-cu ildə istifadəyə verilən 20 yeni elektron xidmət SƏLİS-də – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib.
İnternet bankçılıq sisteminin yaradılması təklifini irəli sürən millət vəkili Azay Quliyev, həmçinin Qrant müqavilələrinin, QHT layihələri üzrə bütün əməliyyatların elektron formada aparılacağını, bildiriş və sənədlərlə bağlı əməliyyatların ağıllı telefonlar vasitəsi ilə həyata keçiriləcəyini bildirmişdir.
Qeyd etdiyimiz kimi, SƏLİS-in yaradılmasında başlıca məqsəd elektron xidmətə keçid olaraq QHT-lərlə canlı əlaqəni azaltmaq və beləliklə, Şuranın elektron xidmətlərindən sürətli və keyfiyyətli şəkildə istifadəyə nail olmaqdır. Bundan əlavə, adıçəkilən xidmət vasitəsilə QHT ilə Dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində baş verə biləcək hər hansı çatışmazlığı aradan qaldırmaq, ictimai nəzarəti gücləndirmək mümkündür. Bu baxımdan, həqiqətən də, SƏLİS-in yaradılması doğru, düşünülmüş və alqışlanası addımdır.
SƏLİS-də cəmləşən elektron xidmət növləri hər biri ayrı-ayrılıqda insanların iş rahatlığı üçün çox əlverişlidir. Çünki səhhətində problem olan, bölgələrdə, respublikanın hüdudlarından kənarda fəaliyyət göstərən və digər səbəblər üzündən Apelyasiya Komissiyasının iclaslarına gələ bilməyən QHT nümayəndələri zaman itkisinə yol vermədən bu tədbirlərdə onlayn formada iştirak edə bilirlər.
Məsələn, qrant müsabiqələrininin qalibi olan QHT-lər heç bir əziyyət çəkmədən lazımi sənədləri və müqavilənin mətnini onlayn qaydada Şura Katibliyi ilə razılaşdırırlar, yəni buna SƏLİS-in e-Müqavilə xidməti imkan verir.
Biz təkcə SƏLİS-də olan xidmətlər barədə ümumi olaraq, qısaca danışdıq. Hər bir elektron xidmət növləri haqqında ayrı-ayrılıqda geniş söhbət açmaq olar, lakin mənə elə gəlir ki, buna lüzum yoxdur. Çünki bütün xidmətlər insanların rahatlığına, vaxt itkisinin aradan qaldırılmasına, həmçinin aparılan əməliyyatların şəffaflığına yönəlmişdir.
Gərəkli olan bir nüansı da xatırladım ki, bu elektron xidməti (SƏLİS-i) təkmilləşdirmək, idarəetməni vahid pəncərədən olmaqla daha çevik aparmaqdan ötrü sözügedən xidmətin e-gov.az portalına inteqrasiyası daha məqsədəuyğun sayılardı. Və bununla da, SƏLİS-dəki 20 xidmət növünü e.gov.az-a (Elektron Hökumət Portalı) daxil olmaqla görmək mümkün olardı. Yəni SƏLİS-in xidmətləri e-gov.az-da öz əksini taparsa, vətəndaş həmin xidmətdən əlverişli şəkildə istifadə edərdi. Ola bilsin, SƏLİS-dən xəbərsiz olanlar və bəlkə də, SƏLİS saytının mövcudluğunu bilməyənlər var. Amma dediyim kimi, sayt e.gov.az-a inteqrasiya olunarsa, hər bir insan həmin portal vasitəsilə SƏLİS-in xidmətlərindən asanlıqla yararlana bilər. Bu isə, öz növbəsində, vahid pəncərə prinsipinin şəffaflığını bir daha təsdiq etmiş olardı.
Bu gün güvənlə, böyük inamla deyə bilərik ki, yeni elektron xidmətlə – SƏLİS-lə işləyəcək QHT-lər qarşılayacağımız 2020-ci ildə də fəaliyyətlərini tam şəffalıq və səlislik üzərində quracaqlar. Və biz jurnalistlər də fürsət düşdükcə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2020-ci ildə dövlət orqanları və digər qurumlarla  birgə keçirəcəyi qrant müsabiqələri, eləcə də QHT-nin fəaliyyətini təmin edəcək SƏLİS-lə bağlı fikirlərimizə, düşüncələrimizə, bu və ya digər mövzularda araşdırmalarımıza davam edəcəyik.

Yeganə MƏMMƏDOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən “SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqədə iştirak üçün verilir.