“Ölkəmiz bu çətinlikləri də dəf edərək, uğurlu inkişaf yoluna davam edəcəkdir”

Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdur, AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi Azərbaycanı daha ağır və çətin sınaqlar qarşısında qoydu, siyasi iqtisadi sabitliyi bərpa etmək üçün Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini olduqca vacib bilirdi, bu gün inkişafımızı təmin edən əsas fundamental amil iqtidar və xalq arasında olan möhkəm birlikdir bu fikirləri 15 iyun Milli Qurtuluş günü ilə bağlı müsahibəsi zamanı Milli Məclisin deputatı Fatimə Yıldırım deyib.

– Fatma xanım, 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixi hadisənin müstəqil Azərbaycanın dövlətçilik tarixində yeri və əhəmiyyəti barədə nə deyərdiniz?

– İlk növbədə, müstəqillik əldə etmiş respublikamızda 90-cı illərin əvvəllərindəki ictimai-siyasi və iqtisadi-sosial mənzərəyə qısa nəzər salmaq istərdim. Müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olmuşdur. Bu dövrdə ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi Azərbaycanı daha da ağır və çətin sınaqlar qarşısında qoydu, ölkəmizin suverenliyi ciddi təhlükə ilə üz-üzə idi. Ölkədə siyasi institutların darmadağın olması, dərin xaos və anarxiyanın güclənməsi, ideoloji əsasların sıradan çıxması, eyni zamanda, xarici təhdid və Ermənistanın işğalçılıq planlarının artması müstəqliyimizi təhlükə altına almışdı. Belə bir vəziyyətdə ölkəni xilsa edə biləcək, milli-ideoloji əsaslarla suveren dövlətçilik institutlarını yaratmaq üçün milli liderə çox ehtiyac var idi. Vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini olduqca vacib bilirdi. Azərbaycan xalqı təkid və tələblə öz milli xilaskarını – Ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqına dərindən bağlı olduğuna, yenidən bərpa olunmuş müstəqil ölkənin yad qüvvələrin işğalına düşməsini qətiyyən qəbul edə bilmədiyinə, eyni zamanda, qardaş qırğınının baş verməməsi üçün ölkə rəhbərliyini qəbul etdi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu.


– Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan hansı uğurlara imza atdı?


– Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Yeri gəlmişkən, həmin dövrün iqtisadi-sosial vəziyyəti barədə bəzi məqamları xatırlatmaq istərdim. Həmin dövrdə iqtisadiyyat və sosial sektor tamamilə iflas halına gəlmişdi və önəmlisi doğma torpaqlarımız Ermənistanın təcavüzü nəticəsində işğal olunmuşdu.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əsaslı dəyişikliklərin bünövrəsini qoydu, qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. İqtisadiyyatın inkişafına, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün güclü inkişaf konsepsiyası müəyyən edilərək həyata keçirildi. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılmasını təmin etdi və dünya ölkələri ilə sıx inteqrasiyasına yol açdı.


Heydər Əliyev bazar iqtisadiyyatının əsas tələbi olan özəlləşdirmə siyasətini həyata keçirdi. İlk növbədə torpaq mülkiyyətinin özəllləşdirilməsinə başlandı. Ulu öndər yaxşı bilirdi ki, torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. 1995-1996-cı illlərdə aqrar islahatların həyata keçirilməsinə başlandı.

Həmin vaxt bəzi şəxslər torpaqların özəlləşdirilməsinə şübhə ilə yanaşırdılar, hələ bunun vaxtının çatmadığını əsas gətirməyə çalışırdılar. Belə bir dövrdə islahatları aparmaq üçün böyük cəsarət və zəngin təcrübə tələb olunurdu. Aqrar islahatlara böyük ehtiyatla və həssaslıqla yanaşan ulu öndər torpaq islahatlarını çox uğurla nizamladı və 1996-cı ildə Azərbaycan MDB-də ilk torpaq islahatı həyata keçirdi. Torpaq heç bir ölkədə rast gəlinməyən formada – pulsuz olaraq kəndlilərə verildi.
Torpaq islahatları ilə bərabər dövlət sektorundakı strateji müəssisələrin, sənaye obyektlərinin özəlləşdirilməsinə start verildi. 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramı həyata keçirildi. Bunun nəticəsində Azərbaycanda sahibkarlıq təbəqəsi formalaşdı, özəl sektor inkişaf etdi.


1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu. Bu müddət ərzində aparılan islahatlar Azərbaycanın yüksək iqtisadi inkişafını təmin etdi.

– Ulu öndərin əsasını qoyduğu siyasi kursun davam etdirilməsi Azərbaycanın inkişafında hansı rol oynamaqdadır?

– Ulu öndər Heydər Әliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 17 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2004-cü ildən tətbiqinə başlanılan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə yol açdı, paytaxtla bölgələr arasındakı fərqin azamasına səbəb oldu. Ötən 17 ildə bütün sahələrdə əhəmiyyətli uğurlar qazanılıb.
Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib: Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2014-cü il sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Dəyəri 40 milyard dollardan artıq olan bu layihə sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. 2019-cu il noyabrın 30-da TANAP qaz kəmərinin Türkiyə ilə Avropaya birləşən hissəsinin açılışı baş tutub. Bu layihənin davamı olan TAP kəmərinin gerçəkləşdirilməsi üzrə işlər davam edir.

– Azərbaycanın hazırkı inkişafını necə qiymətləndirərdiniz?

Bu gün inkişafımızı təmin edən əsas fundamental amil iqtidar və xalq arasında olan möhkəm birlikdir. Bu birlik güclü siyasi sabitliyi möhkəmləndirir.
Hazırda Azərbaycan yeni çağırışlara uyğun olaraq demokratik qətiyyətli siyasi, institusional, iqtisadi islahatlar aparır, dövlət idaretmə sisteminin arxitekturasını təkmilləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması üçün çoxşaxəli struktur dəyişiklikləri həyata keçirilir. Bu sistemli tədbirlər iqtisadiyyatın ümumi inkişafına, xüsusilə də qeyri-neft sənayesinin artımına təkan verir. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye və texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. Həmçinin, iqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına şərait yaratdı.
Prezident İlham Əliyevin idarəçilik istedadı sayəsində Azərbaycan özünün sosial dövlət mövqelərini xeyli möhkəmləndirib. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir. Azərbaycan aparılan islahatların əhatəliliyinə görə dünyada ən iri islahatçı ölkələr sırasına daxildir.
Bu gün dünya yeni qlobal fəlakətin – koronavirusun sarsıdıcı təsirləri ilə üz-üzədir. Pandemiya səbəbindən yaranmış qlobal böhran ölkələrin iqtisadiyyatlarına zərbələr vurmaqdadır. Bu böhran Azərbaycan iqtisadiyyatına təsirlər göstərsə də, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz öz strategiyasını ortaya qoyaraq zərərləri minimallaşdırmaqdadır. İnanıram ki, ölkəmiz bu çətinlikləri də dəf edərək, uğurlu inkişaf yoluna davam edəcəkdir.