“Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ–Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib”

Donald Trampın Respublika Günü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktub iki ölkə arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində onu yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

XALQ.AZ xəbər verir ki, bu sözləri-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Donald Trampın məktubu ölkələrimiz arasında təhlükəsizlik, enerji, regional münaqişələrin dinc yolla həlli və digər sahələrdə möhkəm əməkdaşlığın olmasını bir daha təsdiq edir. Məktubda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkilir və respublikamızın ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması vurğulanır. Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi yer verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, infrastruktur, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğundan Azərbaycanın başlatdığı qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur. Ölkəmizin qətiyyətli enerji siyasəti ABŞ–Azərbaycan münasibətlərinin inkişafında təkanverici amilə çevrilib.

Deputat diqqətə çatdırıb ki, ABŞ Minsk qrupunun həmsədri və beynəlxalq münasibətlərin aparıcı qüvvəsi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasında nizamlayıcı rolu və təşəbbüskarlığı ilə fəal mövqeyə malikdir. ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir.

ABŞ-ın Azərbaycanla iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq etdiyini vurğulayan Aydın Hüseynov deyib: “Son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə də qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib. Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi də öz töhfəsini verib. Əməkdaşlığın genişləndirilməsində ABŞ Ticarət Departamentinin rolunu qeyd etmək lazımdır. Bu təşkilat ABŞ şirkətlərinin ölkəmizə investisiya qoyuluşu, sənaye, xüsusilə də neft maşınqayırması sahəsində birgə müəssisələrin yaradılması, əczaçılıq, kənd təsərrüfatı, turizm, İKT, ticarət sahələrində də əlaqələrin inkişafı üçün imkanların səfərbər edilməsində mühüm rol oynayır”.

Ölkələrimiz arasında münasibətlərin daha geniş şaxə alaraq regional və beynəlxalq təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq üzrə inkişaf etdiyini vurğulayan A.Hüseynov qeyd edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə Vaşinqtonla bir koalisiyada iştirak edir, İraqda və Əfqanıstanda antiterror əməliyyatlarında koalisiya qüvvələri ilə bir sıradadır. Xüsusilə də qlobal antiterror əməliyyatlarında Azərbaycan Amerika ilə birgə qətiyyətli addımlar atmaqla sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

“Əminliklə, qeyd etmək mümkündür ki, bundan sonrakı dövrdə ardıcıl qətiyyətli siyasi kursun inkişaf etdirilməsi nəticəsində Azərbaycan-ABŞ strateji müttəfiqliyi dönməz xarakter alacaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.