Ombudsmandan əlillərlə bağlı vacib müraciət etdi

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət ünvanlayıb.

XALQ.AZ-ın məlumatına görə müraciətdə deyilir:

“Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması sahəsində Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərləri həyata keçirilir. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi olaraq zəruri qərarlar qəbul edilir, əhəmiyyətli təklif və tövsiyələr verilir.

Ölkədə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, onların pensiya, sosial müavinat və təqaüdlərinin verilməsində ləngimə hallarına rast gəlinmir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır.

Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər. Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərə hər zaman olduğu kimi, çox həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ təcili addımlar atılır.

Azərbaycan Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində penitensiar,  sosial xidmət, psixiatriya müəssisələrində həyata keçirilən başçəkmələr zamanı bu qəbildən olan şəxslərə yaradılmış şəraitin müəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, məlumatlandırma  tədbirləri və bununla bağlı çap materiallarının paylanması, görünən yerlərdə asılması yerində yoxlanılmış, olmayan yerlərdə isə təcili təmini məsələləri qaldırılmışdır.

Müvəkkil COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış etmiş, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət də etmişdir.

Son vaxtlar ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə sahəsində həyata keçirilən bütün təxirəsalınmaz tədbirlərləri yüksək qiymətləndirməklə bərabər, qeyd etmək istərdik ki, xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı dövrdə əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin infeksiya əleyhinə vasitələrə (tibbi spirt, maska və əlcək), müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiya xidmətlərinə, zəruri dərman pereparatlarına, komunal xidmət xərclərinin ödənilməsində onlar üçün  güzəştlərin edilməsinə, infeksiyadan qorunma üsulları və sosial izolyasiya tədbirlərləri ilə bağlı ətraflı informasiya əldə etmələrinə və. s. daha çox ehtiyacları vardır.

Bu baxımdan hesab edirik ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi Məruzəçisinin dünyada COVID-19 pandemiyasının yayıldığı hazırkı dövrdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair bəyanatında nəzərdə tutulmuş müvafiq çağırışları da nəzərə alaraq, mövcud vəziyyətdə əlilliyi olan şəxslərin qayğıya daha çox ehtiyacı olmaları səbəbilə onların sosial-hüquqi müdafiəsini səmərəli şəkildə həyata keçirmək məqsədilə aşağıdakı məsələlərə diqqət yetirilməsi məqsədəmüvafiqdir:

Aztəminatlı ailədən olan, habelə özünəqulluq qabiliyyəti olmayan və tənha yaşayan əlilliyi olan şəxslərin mütəmadi olaraq infeksiya əleyhinə vasitələrlə (tibbi spirt, maska və əlcək) təmin edilməsi;

Müxtəlif xəstəliklərdən əziyyət çəkən əlilliyi olan şəxslərin səyyar formada müayinə, müalicə və reabilitasiya xidmətlərinə cəlb edilməsi;

Dispanser qeydiyyatında olmaqla əlilliyi olan, habelə risk qrupuna düşən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin yaşayış yeri üzrə zəruri dərman pereparatları ilə təcili olaraq təmin olunması;

Əlilliyi olan şəxslərə kommunal xidmət xərcləri ilə bağlı təcili olaraq müvafiq güzəştlərin tətbiq edilməsi;

Yaşayış yeri olmayan əlilliyi olan şəxslər müəyyən edildikdə onların dərhal Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi;

Koronavirus infeksiyası ilə mübarizə üzrə qəbul edilən qərarlar, təklif və tövsiyələr, habelə, infeksiyadan qorunma üsulları barədə məlumatların əlilliyi olan şəxslərə, o cümlədən görmə və eşitmə məhdudiyyətli insanlara əlçatımlılığının təmin edilməsi məqsədilə müvafiq formatda (tiflo və surdo şərhlə) televiziya verlişlərinin, habelə onlayn proqramların yayımlanması və bu mövzuda Brayl əlifbası ilə bukletlerin çap edilməsi;

Pensiya, müavinət, təqaüd kartlarının vaxtı bitən əlilliyi olan müştərilərin kartlarının müvafiq banklar tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi karantin rejimi müddətinə uzadılması;

Sahibkarlıq subyektlərinin mövcud vəziyyəti nəzərə alaraq əlilliyi olan işçilərinə diqqət və dəstəyinin artırılması.

Hesab edirik ki, əhalinin həssas qrupları, o cümlədən əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi zamanı proporsionallıq, zərurilik və ayrı-seçkiliyə yol verməmə prinsiplərinə əməl edilməsinin əhəmiyyəti nəzərə alınmalıdır”.