“Onlar da qapılarında DTX-nın zabitlərini qarşılamağa hazır olsunlar…” – Elşən Musayev

“Vəzifə, səlahiyyət, status vətəndaşa, xalqa xidmət üçündür. Eyni zamanda yüksək etimaddır, məsuliyyətdir. Kim bu məsuliyyəti anlamırsa, ya da tərsinə anlayırsa, kim xalqa xidmətlə özünə xidməti qarışıq salırsa, kim ona göstərilən yüksək etimadı doğrultmursa enində-sonunda cəzalandırılacaq və mənfi, neqativ, yanlış əməllərinə görə qanun, hüquq qarşısında cavab verməli olacaq. Başqa alternativ yoxdur!” – XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Biləsuvarın keçmiş icra başçısının həbsinə münasibət bildirərkən söyləyib.

“Həmin eks başçının qısa açıqlamasına baxdım. Həbsdən sonra. Deyir, bu vəziyyətimə görə xəcalət çəkirəm. Halbuki indi xəcalət çəkmək əvəzinə vaxtında normal işləmək lazım idi. İnsanların yanında olmaq, onların qeydinə qalmaq, cənab prezidenti, dövləti bölgədə layiqincə təmsil etmək lazım idi. Eyforiyaya qapılmamaq, bəsirət gözünü açmaq, şəffaflığı, təmizliyi, düzgün yaşamağı və fəaliyyət göstərməyi həyat prinsipinə çevirmək lazım idi. Amma görünən budur ki, keçmiş icra başçısı bütün bu deyilənlərin tərsini edib, məsuliyyət hissini tamamilə itirib. Və bu da son! Bu da nəticə. Həm də yaşlı-başlı vaxtında.

Ən çox bilirsinizmi nəyə təəccüb edirəm? Bu qədər olay yaşanır, bu qədər başçı, məmur həbsə gedir, bu qədər adama cəza verilir, amma sonuc etibarilə bütün bu baş verənlərdən özləri üçün dərs götürməyənlər yenə tapılır. Həmin kəslər elə bilirlər toxunulmazdırlar, görünmürlər, nəzarətdən kənardırlar. Niyə belə düşünürlər, niyə belə qərara gəlirlər, niyə ardıcıl presedentlərdən nəticə çıxarmırlar, bax bunu anlamıram. Oysa, həmin o məsuliyyətsiz məmurlar gecindən də olsa qəflət yuxusundan ayılmalı və bilməlidirlər ki, proses davam edir. Davam edəcək. Həm də ən son korrupsioner, rüşvətxor, dövlət malına göz dikən, özünə yanlış yol seçən ifşa olunana qədər davam edəcək. Hamı işini vicdanla görməlidir. Daha dəqiqi, hamı öz işini vicdanla görməyə borcludur. Yox əgər kimsə, ələlxüsus da böyük səlahiyyət sahibi olan hansısa məmur bunun əksini düşünürsə, o zaman qapısında DTX-nın zabitlərini qarşılamağa da hər zaman hazır olsun”- deyə millət vəkili fikirlərinə davam edib.