“Onlar ictimai qınağa çəkilməlidirlər” Əflatun Amaşov

“İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir”.
XALQ.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır: “Gəncədəki hadisədə günahı olan şəxslər hüquqi baxımdan cəzalarını almalıdır. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Əgər bu, belə olmasa, xəyanətkarların sayı çox olacaq və Azərbaycanın müstəqilliyi ilə barışmayan xarici qüvvələr bundan istifadəyə cəhd edəcəklər”.
Ə.Amaşov qeyd edib ki, bu hadisələri qızışdıranlar da istər-istəməz Azərbaycanın müstəqilliyinə güllə atan şəxslərlə həmrəydirlər.
Deputat hesab edir ki, həmin şəxslər də müəyyənləşməli və ictimai qınağa çəkilməlidirlər: “Ümumiyyətlə, Azərbaycan cəmiyyəti tanımalıdır ki, kimlər onun müstəqilliyini istəmir, kimlər onun uğurlarını dəstəkləmir. Vaxt itirilmədən, təcili olaraq bu hadisələr özünün siyasi qiymətini almalıdır. Bu hadisələrdə kimlər iştirak edir, kimlər onu törədənlərlə həmrəydirlər – onların hamısının əməlinə hüquqi qiymət verilməlidir”.
Azərbaycan jurnalistikasının kifayət qədər vətənpərvər jurnalistika olduğunu nəzərə çatdıran Ə.Amaşov qeyd edib: “Azərbaycan mətbuatı da bu hadisələrə kifayət qədər peşəkarlıqla yanaşmalıdır. Azərbaycan jurnalistikası bu hadisələri işıqlandırarkən mütləq Azərbaycan dövlətçiliyinin prinsiplərini üstün tutmalıdır”.