Onlar xarici havadarlarının sözlərini deyirlər

1

 

“Ənənəvi müxalifət düşərgəsi ağa qara deməklə özünü nüfuzdan salıb və bu gün arxasınca apara biləcəyi yüz tərəfdarı belə yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə Müsavat başqanı İsa Qəmbərin gələn il ölkəmizdə keçiriləcək I Avropa Olimpiya Oyunlarının baykot olunması ilə bağlı təklifini şərh edərkən belə deyib.

Onun sözlərinə görə, baykot təklifləri müxalifət liderlərinin özləri tərəfindən gündəmə gəlsə də, arxasında bəlli beynəlxalq dairələr dayanır: “Heç kimə sirr deyil ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz nəinki Qafqaz regionunun lider dövlətinə çevrilib, postsovet məkanında əhəmiyyətli təsir imkanlarına malikdir. Əlbəttə, ölkəmizin bu şəkildə inkişafı, dünya miqyaslı tədbir və yarışların ölkəmizdə keçirilməsi bəzi beynəlxalq dairələri narahat edir və onlar hər vəchlə Azərbaycanı ləkələməyə çalışırlar. Təəssüf ki, bu məqsədlə daxildəki emissarlarından, xüsusən radikal müxalifət liderlərindən istifadə edirlər və ayırdıqları qrantlar müqabilində onları baykot və bu kimi ziyanlı təkliflər səsləndirməyə təhrik edirlər. Özünə, dövlətinə, millətinə hörmət edən heç bir şəxs bu cür antimilli təklif səsləndirərək, düşmən dəyirmanına su tökməz. Məhz bu cür antimilli fəaliyyətlərinin nəticəsidir ki, radikal müxalifət liderləri nəinki ictimai dəstəkdən, azsaylı tərəfdarlarının belə etimadından məhrum olub”.