“Onların açıqlamalara baxanda insan təəssüf hissi keçirir” – Deputat

“Bildiyiniz kimi, Azərbaycanda sərt karantin rejimi tətbiq olunmaqdadır. Burada da əsas məqsəd, dövlətin həyata keçirdiyi siyasət əhalinin sağlamlığının keşiyində durmaq və təhlükəsizliyinin təminatıdır. Biz Milli Məclisdə qərarlar, qanunlar qəbul edərkən, hüquqi və vəzifəli şəxslərin ödəməsi lazım olan cərimələr sıravi vətəndaşlardan qat-qat yüksəkdir. Bu, o deməkdir ki, dövlətin hər bir məmuru, vəzifəsindən, peşəsindən, yaşından, harada işləməsindən asılı olmayaraq, iki, üç, beş qat daha çox məsuliyyət daşıyır. Dövlət məmurları da, millət vəkilləri xalqımızın dəyərli vətəndaşları üçün nümunə, örnək olmalıdırlar. Cənab Prezidentin yeni təyin olunan icra başçılarını qəbul etdiyi zaman söylədiyi kimi, dövlətin məmuru xalqın xidmətçisidir. Xalqın qulluğunda duran şəxsdir. Dövlətin məmuru tutumuş olduğu vəzifədən, oturduğu kreslodan istifadə etmək üçün təyin olunmur”.

XALQ.AZ xəbər verir ki, bunu millət vəkili Ramil Həsən açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinə etdiyi toyla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

R.Həsən bildirib ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin də nəvəsinə etdiyi toyla bağlı verdiyi açıqlamaları təəssüf doğurur:

“Dövlətin içində olan şəxslər, hər birimiz qanunlara və qaydalara riayət etməliyik. Qanunların aliliyini təmin edərək addımlar atmalıyıq. O cümlədən həm Ramiz Mehdiyev, həm də digər toy edən, etməyə çalışan insanlar da bunu nəzərə almalıdır. Onların verdiyi açıqlamalara baxanda insan sadəcə olaraq təəssüf hissi keçirir. Yəni burada özünü müdafiədən daha ziyadə etmiş olduğun hərəkətin səhvini dərk etməli, qəbul etməli, bundan nəticə çıxarmalı və ona uyğun olaraq da mesajlar verməlidir. Bu, mənim subyektiv düşüncəmdir. Əgər bir vətəndaş, bir məmur səhv edibsə, onda mən deyə bilmərəm ki, niyə o edib, mən də edə bilərəm. Hər kəs özünün atmış olduğu addımlara cavabdehdir. O biri məmur da, vətəndaş da, dövlətin yüksək vəzifəli şəxsi də etmiş olduğu səhvə, elədiyi yanlışa görə qanun qarşısında cavab verəcək. Bundan sənə nə? Sən öz atmış olduğun addıma görə cavab verirsən. Yəni başqa bir məmurun etmiş olduğu səhv sənin etdiyin yanlışı sığortalamır. Ona görə də, burada həm Ramiz Mehdiyevi, həm də digər məmurların atmış olduğu və ya atacaqları addımlar dövlətin qanunlarının aliliyindən kənara çıxmamalıdır. Eyni zamanda həmin açıqlamada belə bir ifadə var: birinci baxsınlar kim kimin haqqında fikir bildirir. Azərbaycan demokratik hüquq dövlətidir. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər. Amma bizi azad şəkildə ifadə etdiyimiz fikirlər, hərəkətlər qanun qarşısında qıldan incə olmalıdır. Çünki qanun hər kəs üçün qanundur. Kennedinin çox tarixi bir sözü var: bir vətəndaşın hüquqları o biri insanların hüquqlarının başladığı yerdə bitir. Dolayısı ilə bu baxımdan dövlətin qəbul etdiyi qərarlara sadəcə koronavirus çərçivəsində deyil, digər məsələlərlə bağlı da bütün qanunlara riayət etməliyik. Atmış olduğumuz addımlar o çərçivədən kənara çıxmamalıdır”.