Oqtay Əsədov görüş keçirdi

Aprelin 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul etdi.
XALQ.AZ xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov  qonağı səmimi salamlayaraq, Argentina Milli Konqresinin Deputatlar Palatası Sədrinin ölkəmizə ilk səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsinə layiqli töhfə verəcəyinə inamını ifadə etdi. Bildirildi ki, ölkələrimiz arasında böyük məsafəyə baxmayaraq,  biz ikitərəfli əlaqələrimizi genişləndirmək niyyətindəyik. Bugünədək  münasibətlərimizin hüquqi bazasını təşkil edən 25 sənəd imzalanmış, 9-u üzərində iş davam etdirilir.
Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Təəssüf ki, iqtisadi sahədə göstəricilərimizi geniş potensiala malik ölkələrimiz üçün qənaətbəxş hesab etmək olmaz. Düşünürük ki, biznes forumların, ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə işçi qrupunun fəaliyyətinin gücləndirilməsi bu sahədə dönüş yaranmasına öz təsirini göstərə bilər.
Bu gün Azərbaycan böyük enerji layihələrini uğurla həyata keçirməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi neft və qaz kəmərləri, TAP və TANAP  qaz layihələrinin reallaşması ölkəmizin yerləşdiyi coğrafi məkanda tutduğu mövqedən xəbər verir. Biz Argentina ilə qeyri-neft sektorunda səmərəli əməkdaşlıq edə bilərik. Alternativ bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bu ölkənin təcrübəsi çox önəmlidir.  Kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, turizm  sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır.
Biz Argentina Milli Konqresinin hər iki palatasında Azərbaycanla dostluq qrupunun yaradılmasını təqdirəlayiq hesab edirik. Parlamentlər səviyyəsində müxtəlif qarşılıqlı səfərlərin həyata keçirilməsi ümumi məqsədlərə xidmət edir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr Argentinanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müsbət dəyərləndirdi.


Səmimi qəbul üçün minnətdarlığını bildirən Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Bildirildi ki, yüksək səviyyəli birbaşa təmaslar və qarşılıqlı səfərlər informasiya mübadiləsi baxımından çox önəmlidir. Dövlət başçılarının  görüşləri zamanı aparılan danışıqlar təkcə siyasi deyil, digər sahələrə də öz müsbət təsirini göstərir.
Biz Azərbaycanla əlaqələrin inkişafında maraqlıyıq. Parlamentlər səviyyəsində münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik. İqtisadi sahədə əlaqələrimizi genişləndirmək üçün müvafiq addımların atılması  hər iki tərəfin məqsədlərinə xidmət edir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər iştirak  edirdilər.


Comments are closed.