Oqtay Əsədov “Gürcüstanla bütün sahələrində münasibətlərimiz inkişaf edir”

Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə mayın 30-da rəsmi qəbul təşkil edib. Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qəbulda çıxış edərək ölkəsinin müstəqilliyinin tarixindən danışıb. İki ölkə arasındakı əlaqələrdən danışan səfir bildirib ki, Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlər yalnız regional layihələrlə məhdudlaşmır. İki ölkə beynəlxalq arenada da yaxın münasibətlərə malikdir.

Səfir deyib ki, Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunan diplomat xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulayıb.

Milli Məclisin Sədri Oqtay Əsədov əlamətdar bayram münasibətilə Prezident İlham Əliyevin adından Gürcüstan xalqını təbrik edib. Sədr bildirib ki, iki xalqın taleləri oxşardır. Hər iki xalq eyni tarixi dövrdə müstəqillik əldə edib. Gürcüstan və Azərbaycan yaxın ölkələr olmaqla bərabər, həm də strateji tərəfdaşlardır. Həyatın bütün sahələrində münasibətlərimiz inkişaf edir. Reallaşdırılan enerji layihələri xalqlarımızın gələcək rifahını şərtləndirir. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı surətdə inkişaf etdirilir. Hər iki ölkənin parlamentlərində dostluq qrupları var. Beynəlxalq təşkilatlarda da hər iki ölkənin deputatları eyni mövqedən çıxış edir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Milli Məclisin Sədri əmin olduğunu bildirib ki, iki ölkə arasında münasibətlər bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Tədbir bədii hissə ilə davam edib. Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.