Oqtay Əsədov Avrasiya ölkələrinin parlament sədrlərinə erməni işğalından danışdı

Xəbər verildiyi kimi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Antalya şəhərində Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki,  “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” devizi altında keçirilən görüşdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Görüşün rəsmi açılışında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin artıq ənənə halını alan görüşlərinin məqsəd və vəzifələrindən danışıb. Dünyanın ayrı-ayrı bölgələrində mövcud münaqişələrin əməkdaşlığa və inkişafa ən böyük əngəl olduğunu diqqətə çatdıran və bu kontekstdə Dağlıq Qarabağ probleminə də toxunan TBMM-in sədri bildirib ki, Türkiyə Avrasiya məkanında ölkələrin, xalqların sülh və bərbərlik, inkişaf və rifah şəraitində yaşamasına tərəfdar olmaqla, bu istiqamətdə önəmli addımlar atmaqdadır. Qeyd edilib ki, Yaxın Şərqdə, həmçinin Suriyada sülh və əmin-amanlığın təmini üçün edilən cəhdlər buna nümunədir.

Parlament sədri qeyd edib ki, heç kim iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, qaçqın və məcburi köçkünlər məsələsinə biganə qalmamalıdır. Terrorçuluğun və onun dəstəklənməsinin yaratdığı təhlükələrdən bəhs edən Binəli Yıldırım deyib, Türkiyə bundan sonra da terrorun bütün forma və metodlarına, o cümlədən PKK, FETÖ və digər terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.

 

Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq Avrasiya məkanında sülhün, sabitliyin və inkişafın qorunması ilə bağlı ölkəsinin mövqeyindən bəhs edib. İnkişaf və rifaha nail olmaq üçün dünyadakı problemlərin dialoq vasitəsilə çözülməsinin əhəmiyyətindən danışan sədr qeyd edib ki, bu prosesdə parlamentlərarası əlaqələr mühüm gücə malikdir. Koreya yarımadasındakı mövcud problemin sülh yolu ilə tənzimlənməsinin əhəmiyyəti böyükdür.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxışında dünyadakı mövcud problemlərin qarşılıqlı anlaşma şəraitində həllinin əhəmiyyətinə toxunub. Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, həmçinin Suriya probleminin həlli üçün bu ölkənin bəzi bölgələrində atəşkəsin əldə olunması kimi nailiyyətlər maraqlı ölkələr arasında aparılan səmərəli dialoq nəticəsində qazanılıb. Vyaçeslav Volodin bildirib ki, bütün problemlərin həllinə və iqtisadi əməkdaşlığa yalnız sülh çağırışları sayəsində nail olmaq mümkündür.

Çıxışında yüksək təşkilatçılığa görə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma səmimi təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, hazırda bütün dünya miqyasında getdikcə daha da kəskinləşən qlobal problemlərin həllində parlamentlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı mühüm rol oynayır. İnanıram ki, bugünkü müşavirədə aparılan fikir mübadiləsi bir-biri ilə sıx bağlı olan iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf məsələlərində parlamentlərimizin ortaq mövqelərinin müəyyən edilməsinə kömək göstərəcək.

Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya birliyi özünün artan tələbatı ilə bu tələbatın yerinə yetirilməsi imkanları arasında kəskin ziddiyyətlərlə qarşılaşıb. Həmin ziddiyyətlərin həll edilməsi üçün işlənib hazırlanan davamlı inkişaf modeli bəşəriyyətin təhlükəsiz gələcəyi naminə bütün dövlətlərin səylərinin birləşdirilməsi üzərində qurulub. Qlobal xarakter alan dünya iqtisadiyyatı getdikcə daha çox dərəcədə ekoloji tarazlığın qorunub saxlanması konsepsiyasına əsaslanır.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, əgər Avrasiya məkanına nəzər salsaq, əminliklə söyləyə bilərik ki, burada iqtisadi inteqrasiyanın güclənməsi davamlı inkişaf sahəsində məqsədlərə nail olunmasına töhfə verə bilər. Böyük Avrasiya ölkələrində dünya enerji istehsalının onda doqquz hissəsi, dünya ümumi daxili məhsulunun dörddə üç hissəsi və dünya əhalisinin beşdə dörd hissəsi cəmləşib. Məmnunluqla qeyd etmək istəyirəm ki, bu gün Avrasiya məkanında bir sıra ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları təşəkkül tapıb.

Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi inteqrasiya üçün yaranmış imkanların lazımınca dəyərləndirilməsi nəticəsində meydana gəldiyini diqqətə çatdıran parlament sədri Oqtay Əsədov bildirib ki, bu layihələr Avrasiya qitəsinin çox geniş bir bölgəsində inkişafın, sülhün, sabitliyin, təhlükəsizliyin, dialoqun və qarşılıqlı anlaşmanın təmin edilməsinə yönəlib. İqtisadi layihələrin hazırlanması və həyata keçirilməsi zamanı ekoloji məsələlərə xüsusi diqqət yetirilir. Azərbaycanın iştirak etdiyi bütün transmilli layihələrdə ətraf mühitin qorunması ən yüksək standartlar əsasında təmin edilir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri və digər enerji-nəqliyyat layihələrinin Avrasiya qitəsinin yeni iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynadığını ifadə edən Milli Məclisin sədri bildirib ki, Azərbaycan XXI əsrin qlobal geosiyasi və geoiqtisadi layihələrindən biri olan Böyük İpək Yolunun bərpasında yaxından iştirak edir. Dünyanın ən uzun ölçüyə malik olan “iqtisadi kəməri” onlarca ölkənin zəngin energetika, sənaye, kənd təsərrüfatı, turizm potensialına əsaslanmaqla regionlararası əməkdaşlığın çoxcəhətli innovasiya modelini təqdim edir. Ötən il İpək Yolunun fəaliyyəti üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Çindən Avropaya tranzit müddətini 30-35 gündən iki həftəyə qədər azalda bilər. Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən digər bir layihə “Şimal-Cənub” dəhlizi adlanır. Bu layihə ölkəmizin nadir coğrafi mövqeyindən istifadə etməklə Hindistanı, İranı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Artıq layihənin bizə aid olan hissəsi tamamlanıb. Yaxın gələcəkdə bu layihə İpək Yoluna inteqrasiya olunaraq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.

Oqtay Əsədov qeyd edib ki, Avrasiya qitəsində yaşayan xalqların firavan gələcəyi yalnız qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər. Təəssüflər olsun ki, Avrasiya məkanında alovlanmaqda olan müharibə və münaqişə ocaqları, o cümlədən ölkəmizin zorla cəlb edildiyi Ermənistan– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi geniş bir bölgənin inkişaf imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqda davam edir. Ermənistan silahlı qüvvələri 25 ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini, yəni Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal edib. Aparılan etnik təmizləmə nəticəsində Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyon dinc sakin qovulub didərgin salınıb. Azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti törədilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də Avrasiya qitəsində və bütün dünyada sülh və sabitlik üçün daim təhlükə mənbəyidir. Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır.

İştirakçı tərəflərin nümayəndə heyətlərinin başçıları Avrasiya ölkələri parlament sədrlərinin görüşü ilə bağlı ölkələrinin mövqelərini çatdırıblar. Çıxışlarda münaqişə və problemlərin yaratdığı çətinliklər, onların həlli yolları, iqlim dəyişikliyinin fəsadları, ətraf mühitin geniş şəkildə çirklənməsinin yaradığı ağır nəticələrdən bəhs olunub. Bu görüşlərin daha intensivləşməsi və müzakirə olunan məsələlərin icrası ilə bağlı maraqlı təklif və çağırışlar səslənib.

Avrasiya ölkələri parlament sədrlərinin üçüncü görüşü işini panel iclaslarla davam etdirib.

Sonda Bəyannamə qəbul olunub.

Mərasim keçirilən məkanda Anadolunun tarixini əks etdirən təsviri incəsənət əsərlərindən ibarət sərgi nümayiş etdirilib. 

 

 

Orxan